Menu

CƏBHƏDƏ ARTİLLERİYA DÖYÜŞLƏRİ BAŞLAYIB - Nazir də ön xətdədir - VİDEOLAR

27.04.2016, 00:11
CƏBHƏDƏ ARTİLLERİYA DÖYÜŞLƏRİ BAŞLAYIB - Nazir də ön xətdədir  -  VİDEOLAR

cebhe_ateshkes31

Ermənistan Silahlı Qüvvələri bu gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar. Bu barədə APA -ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən düşmənin susdurulması üçün atəş nöqtələrinə qarşı cavab tədbirləri həyata keçirilir .

Müdafiə Nazirliyi bildirir ki Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub: “Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır”.

***

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatlar davam edir. Musavat.com-un cəbhə bölgəsindəki mənbələri xəbər verir ki, Tərtər-Ağdam cəbhəsində bir qədər əvvəl artilleriya döyüşləri yenidən başlayıb.

Ermənistan hərbi birləşmələri hava qaralandan dərhal sonra Azərbaycan ordusunun nəzarətində olan əraziləri artilleriya atəşinə məruz qoyublar. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab verir.

Sosial şəbəkə istifadəçiləri də atışmanın başladığı barədə məlumatlar verir. Onların yazdığına görə, cəbhə bölgəsinə yaxın rayonlarda güclü atışma səsləri eşidilir. Musavat.com bu dəqiqələrdə cəbhə xətti ilə yenidən əlaqə saxlayıblar. Son məlumata görə, artilleriya döyüşləri davam edir.

Qeyd edək ki, aprelin 26-na keçən gecə Ermənistan tərəfinin açdığı atəş nəticəsində Tərtərdə 21 evə ziyan dəyib. Ziyan çəkən evlərin 4-ü Tərtərin mərkəzində yerləşir. Həsənqaya və Qaynaq kəndlərində isə iki ev tamamilə dağılıb.

Bu arada müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş-mənəvi psixioloji hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub.

Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində qarşı tərəfi müşahidə edən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkənin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqların azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.

**********

Ötən gecə Qarabağ cəbhəsində gərgin döyüşlər baş verib. Ermənistan KİV-i xəbər verir ki, aprelin 25-dən 26-na keçən gecə baş verən atışmalarda Ermənistan ordusunun 2 hərbi qulluqçusu – Tiqran Poqosyan (1992-ci il) və N.Aruşanyan (1972-ci il) öldürülüb. Fakt Ermənistan Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib.

Bu gün səhər isə məlum olub ki, Ermənistan ordusu daha bir həbri qulluqçusunu itirib.

Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, aprelin 25-i axşam saatlarında Ermənistan ordusunun Azərbaycanla sərhəd postlarından birində əsgər Ovanes Petrosyanın cəsədi tapılıb. Onun başından güllə yarası aldığı müəyyən olunub.

Hadisənin başvermə səbəbini müəyyən etmək üçün Hərbi Prokurorluq əməkdaşları araşdırmaya başlaylıb.

Qeyd edək ki, dünən Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım və Fərəhli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.

Azərbaycan Müdafiə Nazirliyinin bu gecə cəbhə xəttində ermənilərin həyata keçirdiyi təxribatlarla bağlı bəyanatında isə xəbərdarlıq edilir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq.

 Azərbaycan Müdafiə Nazirliyi aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan “Spike” raketinn “uğursuz tətbiqinə” dair düşmənin yaydığı məlumata da münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a açıqlamasında deyib ki, “Spike” hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.

“Görünür ermənilər üçün bu silah çox təəcübləndirici olub, axı onlar heç vaxt belə dəqiq silah görməyiblər. “Spike” raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçmasını onlar “qeyri-dəqiq zərbə” kimi qiymətləndirirlərsə problem deyil. Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcəklər və hər dəfə təəcüblənəcəklər”-Vaqif Dərgahlı deyib.

Azərbaycan  Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 25-də düşmən Ağdərə istiqamətində tankları döyüş mövqeyinə çıxarıb və mövqelərimizə həmlə etməyə cəhd göstərib.Azərbaycan ordusu cavab atəşi ilə düşmənin bir tankını sıradan çıxarıb, bundan sonra ermənilər mövqelərinə geri çəkiliblər.

“Azərbaycan ordusu ermənilərin təxribatlarına cavab olaraq növbəti dəfə düşmənə sarsıdıcı zərbə endirib”. “Report” xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayon sakinləri ilə görüşündə deyib.

Müdafiə naziri qeyd edib ki, ötən gecə ermənilər yenidən atəşkəs rejimini pozaraq cəbhəboyu yaşayış məntəqələrini atəşə tutub: “Cəbhədə erməni hərbi birləşmələrinin növbəti təxribatlarının qarşısını Azərbaycan ordusu layiqincə ala bilib və düşmənə sarsıdıcı zərbələr endirib. Düşmənin mövqeyində yerləşən postlar dağıdılıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol