Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı müzakirə olunub. İllik hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov təqdim edib.
İl ərzində insan alveri və ona qarşı mübarizə ilə bağlı statistikanın əks olunduğu hesabatda bildirilir ki, ötən il "Qaynar xətt” telefon xidmətinə daxil olan 13 000-dən çox müraciət araşdırılıb və hər biri üzrə qanunla müəyyən edilən tədbirlər görülüb.
Nazir müavininin sözlərinə görə, Azərbaycanda əvvəlki illərlə müqayisədə insan alveri və məcburi əmək halları 22 faiz artıb: "2014-cü illə müqayisədə hesabat ilində 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək və insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə 38 şəxs -33 qadın, 5 kişi – cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə (sabit) zərərsizləşdirilib. Müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa elan olunmuş 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müəyyənləşən 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı-E.P.) Qurbanlardan 51-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib və təhlükəsizliyi təmin olunub. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilib, 42-sinə Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 22-i işlə təmin edilib, 31-i peşə kursuna göndərilib. Həyata keçirilən profilaktik tədbirlərlə 31 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. 56 qurbana hüquqi və psixoloji yardım, həmçinin 16 qurbana tibbi xidmət göstərilib, 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunub. Qurbanların himayəsində olan 29 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 2 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 11 uşağa doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilib, 7-si müvəqqəti sığınacağa yerləşdirilib. Bütün bunlara 165 min manat vəsait ayrılıb və təyinatı üzrə istifadə olunub”.
V. Eyvazov əlavə edib ki, Azərbaycanda ötən il ərzində 450 azyaşlının küçə həyatına məruz qalması, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilməsi faktı aşkarlanıb: "Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb”.
"Bu gün elə bir ölkə yoxdur ki, orada insan alverinin baş vermədiyini əminliklə demək mümkün olsun”- deyən V.Eyvazov əlavə etdi ki, bu transmilli cinayətə qarşı aparılan mübarizəyə ölkə prezidenti tərəfindən böyük siyasi dəstək verilir.
Milli Koordinatorun çıxışından sonra deputatlar sənədi müzakirəyə başlayıb.
APA-nın məlumatına görə, deputat Fazil Mustafa bildirib ki, yüzlərlə uşaq təhsildən yayınaraq məcburi əməyə cəlb edilir, onlar valideyn himayəsində olduğu üçün diqqət çəkmir: “Valideynləri Türkiyədə qeyri-qanuni miqrant kimi işləyən 2 min uşaq sənəd ala bilmədiyi üçün təhsildən kənarda qalıb”.
Deputat Siyavuş Novruzov deyib ki, uşaqların məcburi əməyə, dilənçiliyə cəlb edilməsinin qarşısının alınması üçün İnsan Alverinə qarşı Milli Koordinatorun işçilərinin sayı çoxaldılmalıdır: “İkinci məsələ bu cür insanlar üçün reabilitasiya mərkəzlərinin açılmasıdır. Bizdə bu cür mərkəzlər var, lakin onların sayı artırılmalıdır. Əsas təbliğat məsələsidir. Sosial reklamlar, verilişlər artırılmalıdır. Yemək bişirməkdənsə, başqa verilişlər təqdim etməkdənsə bu cür insanların vəziyyətləri, hüquqları barədə proqramlar hazırlanmalıdır”.
S. Novruzov qeyd edib ki, Ermənistanın I Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların daxili orqanlarının satışı ilə məşğul olması barədə məlumatlar var: “Hətta həmin insanların adları da qeyd edilmişdi. Hesab edirəm ki onların siyahısı hazırlanıb, BMT və digər beynəlxalq qurumlara təqdim olunmalıdır ki, axtarışları daha da gücləndirilsin. Məncə, əsir və itkin düşmüşlərin bir çoxu insan alverinin qurbanıdır. Bununla əlaqədar beynəlxalq məhkəmədə cinayət işinin başlanması ilə bağlı addımlar atmalıyıq. Bu gün Suriyada itkin düşənlərin böyük hissəsi insan alverinin qurbanına çevrilir”.
Deputat Çingiz Qənizadə deyib ki, mütəşəkkil cinayətkarlığın tərkib hissəsi olan və çox böyük gəlir gətirən sahə insan alveridir: “Sevindirici hal odur ki, son 10 ildə bu sahə ilə yüksək səviyyədə mübarizə aparılır”.
Müzakirələr sonra Milli Koordinator Vilayət Eyvazov deputatların fikirlərinə münasibət bildirərkən deyib ki, bütün ölkələrdəki Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün tədbirlər görülür. O, əsir və itkin düşmüş azərbaycanlılarla bağlı cinayət işinin başlandığını bildirib. Nazir müavini əlavə edib ki, erkən nikahları insan alverinin predmetinə aid etməyi mümkün saymır və ilbəil belə hallar sürətlə azalır.
Sonra hesabat səsə qoyularaq qəbul edilib.


Şərhlər