Bu günlərdə sosial şəbəkələrdə olduqca maraqlı bir video paylaşılmışdı. Video təxminən 1992-93-cü illərə aiddi. Videoda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan o zamanlar rəhbərliyində təmsil olunduğu Rifah Partiyasının tədbirində Azərbaycana səfəri haqda danışıb.
Musavat.com xəbər verir ki, Ərdoğan partiya yoldaşlarının qarşısında dönəmin müdafiə naziri Rəhim Qazıyev haqda alovlu nitq söyləyir. O. R.Qazıyevi mücahid adlandırır. Bildirir ki, ermənilər R.Qazıyevin başına 100 min dollar qoyublar (yəni kim R.Qazıyevi öldürsəymiş, 100 min mükafat alacaqmış-red.).
Ərdoğan videoda danışır: "Cəbhə bölgəsində olarkən Rəhim Qazıyevin ayaqları üşüyür, bu üzdən başındakı papağını ayağına keçirir. Düşmən zənn edir ki, ayağı Qazıyevin başıdır, ona görə də müdafiə nazirinin ayağına atəş açırlar, yaralanır, amma Allahın möcüzəsi sayəsində sağ qalır".
Xatırladaq ki, Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevral ayına kimi Azərbaycanın müdafiə naziri olub.
Sabiq müdafiə naziri azadlıq.info-ya bildirib ki, Ərdoğanın danışdığı hadisə isə 1992-ci il fevralın dördündən beşinə keçən gecə baş verib: "Biz doqquz nəfər qeyrətli balalarımızla birgə Şuşanı müdafiəyə getmişik. Orada içərimizə salınmış Etibar Hüseynov adlı şərəfsizin bizə qarşı törətdiyi qətliamda 8 balamız ölüb, 6 nəfər yaralanıb və onlardan biri də mən olmuşam".

Şərhlər