Suriya rejiminin hərbi hava qüvvələrinə aid “MiQ-23” təyyarəsi Türkiyənin hava məkanında vurulub.
Virtualaz.org saytı xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən yayılan rəsmi məlumata görə, bu gün yerli vaxtla saat 13:01-dən etibarən Suriyaya məxsus iki “MiQ-23” təyyarəsi ölkənin şimalına doğru uçmağa başlayıb.
Türkiyənin Hava Hücumundan Müdafiə Qüvvələrinin Diyarbəkirdəki radar bazasından təyyarələr sərhədə 80 dəniz mili qalmış izlənilməyə başlayıb.
Sərhədə 10 dəniz mili məsafə qalanda Suriya təyyarələrinə Türkiyənin hava məkanına yaxınlaşdıqları barədə dörd dəfə xəbərdarlıq göndərilib. Təyyarələrdən biri xəbərdarlıqdan sonra geri dönüb, digəri xəbərdarlığa məhəl qoymayaraq Türkiyənin hava məkanına daxil olub və 1,5 kilometr məsafədə ölkənin içərilərinə doğru uçub. Həmin vaxt Türkiyə Hərbi Hava Qüvvələrinin havada patrul uçuşları həyata keçirən iki "F-16" təyyarəsindən biri Suriya təyyarəsinə “hava-hava” tipli raket buraxıb. Raket hədəfə dəyib və Suriya təyyarəsi bu ölkə ərazisində, sərhədə 1200 metr məsafədəki Kasep bölgəsində yerə düşüb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya təyyarəsinin ölkənin hava sərhədlərini pozduğu üçün vurulduğunu təsdiqləyib və bu münasibətlə Silahlı Qüvvələrin Baş Qərargahını, təyyarəni vuran "F-16" pilotlarını təbrik edib. Ərdoğan Türkiyənin hava sərhədlərini pozanlara qarşı endirilən yumruğun ağır olacağını bildirib.
Suriya tərəfinin yaydığı məlumatda isə deyilir ki, “terrorçuları təqib edən” təyyarələrdən birinə Türkiyə təyyarəsi tərəfindən iki raket atılıb, raketlərdən birinin hədəfə dəyməsi nəticəsində “MiQ” Suriya ərazisində düşüb. Pilot katapultasiya edib. Lakin pilotun xilas olub-olmadığı bildirilmir.
Qeyd edək ki, 2012-ci ildə Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri Türkiyəyə aid "F-5" kəşfiyyatçı-hücum təyyarəsini vurmuş, nəticədə iki pilot həlak olmuşdu.


Şərhlər