AzPolitika.info «CNN» telekanalına istinadla xəbər verir ki, ABŞ vətəndaşlarının hər beş nəfərindən biri Rusiyanı öz ölkəsi üçün ciddi təhlükə hesab edir.
CNN telekanalı və «ORC» araşdırmaçı xidmət müəssisəsi tərəfindən aparılmış birgə sosioloji sorğunun dərc olunmuş nəticələrinə görə, sorğu iştirakçılarının 21,0 faizi Rusiyanı ABŞ üçün «ciddi təhlükə», 40,0 faizi «təhlükə», 22 faizi isə «zəif təhlükə» hesab edir.
Respondentlərə belə bir sualla müraciət olunub ki, onların fikrincə Rusiya, Çin, İran və Şimali Koreya, o cümlədən, İŞİD terrorçu qruplaşması ABŞ üçün təhlükədirmi?
Cavabın 4 variantı təklif olunub: «ciddi təhlükə»dir, «təhlükə»dir, «zəif təhlükə»dir, «heç bir təhlükə törətmir».
Amerikalılar arasında ən böyük təhlükə İŞİD sayılır. Respodentlərin böyük qismi - 73,0 faizi hesab edir ki, İŞİD ABŞ üçün «ciddi təhlükə», 17,0 faizi «təhlükə», 5,0 faizi isə «zəif təhlükə» törədir. Bu qruplaşmanın ABŞ üçün heç bir təhlükə törətmədiyini düşünənlərin sayı isə 5,0 faiz təşkil edir.
Çin, İran və Şimali Koreyanın ABŞ üçün «ciddi təhlükə» törətdiyi qənaətində olanların sayı isə uyğun olaraq, 24,0 faiz, 43,0 faiz və 43,0 faiz təşkil edib.
Sorğu aprelin 26-dan mayın 1-nə qədərki dövr ərzində, telefon vasitəsilə təxminən 1 min amerikalı arasında aparılıb.
AzPolitika.info


Şərhlər