Xarici KİV-in yaydığı məlumata görə, Rusiyanın Suriyada dislokasiya olunmuş hərbi kontingentinin daha bir hərbçisi həlak olub. Rusiya müdafiə nazirliyinin bildirdiyinə görə, o, silahlıların atəşi altına düşüb («Exo Moskvı»).
Həlak olmuş 31 yaşlı hərbçi voronejli rabitəçi Anton Yerıgindir. Müqavilə əsasında hərbi xidmət keçən Yerıgin 3 ay müddətinə Suriyaya ezam olunubmuş. Qohumlarının bildirdiyinə görə, o, Palmirada rabitə kabeli çəkərkən başından yaralanıb.
«RİA Novosti»-nin məlumatına görə, Yerıgin mayın 7-də snayper gülləsinən keçinib, amma onun ölümü barədə yaxınlarına yalnız bir gündən sonra - «Qələbə günü» ərəfəsində məlumat verilib.
Müdafiə nazirliyi isə başqa versiya irəli sürür. «Xmeymim» aviabazasının nümayəndəsi jurnalistlərə bildirib ki, Yerıgin vuruşan tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinə məxsus avtomobili müşayiət edirmiş. Avtomobillərin hərəkəti zamanı maşın cərgəsi atəş altına düşüb. Həkimlər onun həyatını xilas etmək üçün iki gün çalışıblar, amma bu, mümkün olmayıb.
Həlak olmuş hərbçi komandanlıq tərəfindən dövlət təltifatına təqdim olunub.
Qeyd edək ki, artıq Anton Yerıgin Suriyada rəsmi həlak olmuş kimi tanınan 9-cu Rusiyalı hərbçidir.
AzPolitika.info

Şərhlər