Menu

«DƏRİNLİKDƏ DÜŞMƏNİN 15-20 TOPUNU SIRADAN ÇIXARDIQ...» - Artilleriya generalı 4 günlük döyüşlərdən danışır

17.05.2016, 16:17
«DƏRİNLİKDƏ DÜŞMƏNİN 15-20 TOPUNU SIRADAN ÇIXARDIQ...» - Artilleriya generalı 4 günlük döyüşlərdən danışır

Azərbaycan ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov ilk dəfə aprel döyüşləri barədə mətbuata danışıb.

General “AzeriDefence” jurnalına müsahibəsində dörd günlük müharibə zamanı tabeçiliyində olan qoşunların döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyini deyib.

“Biz dördgünlük döyüşlərdə yeni aldığımız silahlardan demək olar istifadə eləmədik. Yeni alınanlardan yalnız tank əleyhinə sistemlərin bəzilərini tətbiq etdik və nəticəsi də müsbət oldu. Hətta ermənilər bu silahın tətbiqindən sonra tanklarını döyüş meydanına çıxarmadılar”, – deyə general qeyd edib.

General-mayor Z. Hüseynov qeyd edib ki, döyüşlər zamanı artilleriya atışlarının idarə edilməsində pilotsuz uçan aparatlardan (PUA) geniş istifadə edilib. “PUA-lardan əlavə, bu gün istifadəmizdə düşmən tərəfindən atılan mərminin hərəkət trayektoriyası və digər parametrləri əsasında onun atəş nöqtəsinin yerini təyin edən sistemlər mövcuddur. Biz döyüşlərdə həmin sistemlərin praktiki tətbiqini həyata keçirdik. Həmin sistemin sayəsində düşmənin artilleriya batareyalarının mövqeləri aşkarlanaraq maksimum 3 dəqiqə ərzində susduruldu. Beləliklə bu komplekslərin bizə böyük köməyi oldu. Həmin sistemlər həm qaubitsaların, həm də minaatanların yerini aşkarlamağa imkan verir. Bu sistemlərin tətbiqi eyni zamanda mərmi sərfini azaltdı”.

General bildirib ki, döyüş əməliyyatlarının birinci iki günü ermənilərin artilleriyası demoralizə olub. “Hara atdıqlarını konkret olaraq bilmirdilər. Atışdan sonra qısa müddət ərzində onların həmin batareyasını susdururduq. Ermənilər bizim artilleriya atəşləri nəticəsində şəxsi heyətdə çox itkilər verdilər. Dərinlikdə düşmənin 15-20 topunu sıradan çıxardıq, eləcə də xeyli sayda hərbi texnikasını zərərsizləşdirdik. Biz döyüşlər zamanı tapşırığa uyğun olaraq, yaşayış məntəqələrinə, mülki əhali olan yerə atəş açmadıq və qeyd etdiyim kimi, əlimizdə olan müasir texnologiyaların imkanlarından yararlanaraq, yalnız hərbi hədəfləri nişan aldıq. Tam əminliklə deyirəm, son döyüşlərdə düşmənin əks həmlə tətbiq edə bilməməsində artilleriyamızın rolu böyük oldu”-komandan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol