"Bu işi kimlər düşündü, kimlər təşkil etdi, kimlər buna qatıldı, kimlər dəstək verdi və kimlər bunu gerçəkləşdirdi, şübhəsiz, ortaya çıxarılacaq"
Türkiyə prezidenti Abdullah Gül internetə yüklənmiş və ölkənin dörd dövlət adamının yer aldığı gizli səs yazısı barədə çox sərt açıqlama verib.
ANS PRESS-in məlumatına görə, prezident bu barədə cümə namazı zamanı danışıb. Onun fikrincə, xarici işlər naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi iclasın qeyri-qanuni yollarla yazılıb internetə yerləşdirilməsi casusluq fəaliyyətidir.
Prezident Gül deyib: “Dövlətin ən önəmli təhlükəsizlik qurumlarına rəhbərlik edən kəslərin bir araya gəldiyi bir yığıncağın izlənməsi, dinlənilməsi çox böyük bir təhlükədir. Bu dövlətin təhlükəsizliyinə xəyanət və casusluq fəaliyyətidir. Dövlətin heç bir zaman dözə bilməyəcəyi bir hadisədir. Bununla bağlı həm nazirlərlə, həm də baş nazirlə görüşdüm, nə lazım olsa ediləcək. Bu işi kimlər düşündü, kimlər təşkil etdi, kimlər buna qatıldı, kimlər dəstək verdi və kimlər bunu gerçəkləşdirdi, şübhəsiz, ortaya çıxarılacaq. Ən üst səviyyədəki dövlət məmurları, professionalların bir araya gəlib bizə edəcəkləri tövsiyələri oturub danışdıqları bir iclas olub. Bunun belə qəbul edilməsini istəyirəm. Şübhəsiz ki, bu işdə əli olanların, dəstək verənlər adamlar ortaya çıxarılacaq və qanuna uyğun şəkildə, ən şiddətli şəkildə də cəzalandırılacaq".


Şərhlər