Yuxarı instansiya məhkəməsi (Yargıtay) MHP-də qurultayın olub-olmayacağı ilə bağlı mübahisələrə son qoydu.
"AzPolitika"nın məlumatına görə, Yuxarı instansiya məhkəməsi (Yargıtay məhkəməsi) fövqəladə qurultay qərarı verən Ankara 12-cü Sülh Məhkəməsinin qərarını yekdilliklə təsdiq edib. Bununla da partiya fövqəladə qurultaya getməli olacaq.
Qeyd edək ki, MHP rəhbərliyi partiyanın növbəti qurultayının 2018-ci il martın 18-də keçirilməsində israr edir. Lakin rəhbərliyi uğursuz siyasət aparmaqda ittiham edən partiyadaxili müxalifət qurultayın tez bir zamanda keçirilməsini istəyir.
MHP İntizam Komitəsinin qərarı ilə ötən ilin avqustunda partiyadan çıxarılan, lakin 1 noyabr parlament seçkilərindən sonra məhkəmə qərarı ilə MHP-yə qayıdan Sinan Oğan və Meral Akşener sədrliyə əsas iddialı şəxslərdir.
Sinan Oğan 3 həftə ərzində fövqəladə qurultayın keçiriləcəyini bildirib. MHP-nin nizamnaməsinə görə, fövqəladə qurultaylarda başqan seçilə bilməz. Əvvəlcə bu maddənin ləğv olunması üçün qurultay keçirilməsi nəzərdə tutulur.
2015-ci ilin iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə Meral Akşener İstanbuldan millət vəkili seçilmişdi. Ancaq noyabrın 1-də keçirilən növbədənkənar seçkidə isə MHP rəhbərliyi onun namizədliyini irəli sürməyib.
Xatırladaq ki, əslən azərbaycanlı olan Sinan Oğanın 48 yaşı var. O, 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Ümumilikdə MHP başqanlığına 4 iddiaçı var: Sinan Oğan, Meral Akşener, Ümit Özdağ və Koray Aydın.


Şərhlər