Menu

«Qara dənizin «NATO gölü»nə çevrilməsinə imkan verməyəcəyik» - Rusiya səfiri

31.05.2016, 11:33
«Qara dənizin «NATO gölü»nə çevrilməsinə imkan verməyəcəyik» - Rusiya səfiri

Xarici KİV-in məlumatına görə, Rusiyanın NATO-dakı səfiri Aleksandr Qruşko bəyan edib ki, Qara dənizin «NATO gölü»nə çevrilməməsi üçün Rusiya hər şeyi edəcək («RBK»).

«Bu günə olan vəziyyət belədir ki, NATO qarşıdurma sxemini Qara dəniz hövzəsinə «köçürmək» cəhdləri edir. Bu yaxınlarda Türkiyənin prezidenti R.T.Ərdoğan bəyan etdi ki, Qara dənizin «rusiya gölü»nə çevrilməsinə imkan vermək olmaz. Amma NATO-da gözəl bilirlər ki, Qara dəniz heç vaxt «NATO gölü»nə çevrilməyəcək və biz, cənub istiqamətindən Rusiyaya yönələ biləcək mümkün hədə-qorxunu və güc nümayişini neytrallaşdırmaq üçün lazım olan bütün tədbirləri görəcəyik» - deyə, səfir «Rossiyskay qazeta»-ya müsahibəsində bəyan edib.

Qruşko qeyd edib ki, Rusiyanın Qara dəniz donanması Aralıq dənizində və ondan cənubda vəziyyəti sabitləşdirmək istiqamətindəki çalışmalarda iştirak edir. Bundan əvvəl o, həmin ərazilərdə dəniz quldurluğu ilə mübarizə əməliyyatlarında öz fəaliyyətini NATO və Avropa İttifaqı (Aİ) ilə koordinasiya edirdi. Amma sonra alyans bundan imtina etdi.

Xəbər verilir ki, cari ilin iyul ayında NATO-nun Rumıniyada keçirilməsi planlaşdırılan sammitində Rumıniya Qara dənizdə NATO-nun rəhbərliyi altında bir donanma yaratmaq təklifini irəli sürmək fikrindədir. Söhbət, Almaniya, İtaliya, Türkiyə və ABŞ gəmilərindən ibarət olacaq mütəzəm bir donanmadan gedir. Alyansın gəmiləri indi də Qara dənizə daxil olur, amma onlar bunu yalnız təlimlərin keçirildiyi müddətdə edirlər. Təşəbbüsü Ukraynanın prezidenti Poroşenko da bəyənib və ona qoşulmağa hazır olduğunu bildirib.

Buna cavab olaraq, Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, NATO-nun bu addımı Rusiyanı, «öz təhlükəsizliyini qorumaq üçün» adekvat tədbirlər görməyə vadar edə bilər.

Qruşko isə deyib ki, Qara dənizdə bölgədən kənar güclərin hərbi iştirakının artırılması istiqamətində cəhdlər olmamalıdır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol