Argentina yarımfinalda ABŞ-la qarşılaşacaq.
ABŞ-da keçirilən Amerika Kubokunda yarımfinalçılar müəyyənləşib. ANS PRESS-in məlumatına görə, bu mərhələyə son iki vəsiqəni Argentina və Çili qazanıb.
Amerika Kubokunun 1/4 finalında Venesuelanı 4:1 hesabı ilə məğlub edən Argentina millisi ilkin olaraq adını yarımfinala yazdırıb. Yığmanın ulduz futbolçusu Leonel Messi sözügedən qarşılaşmada qol vurmaqla millinin sabiq hücumçusu Qabriel Batistutanın rekorduna şərik çıxıb.
Oyunun 60-cı dəqiqəsində fərqlənən Messi millidəki 54-cü qolunu vurub. Messi daha bir dəfə fərqlənsə, yığmada ən çox qol vuran futbolçu adını alacaq. Argentina yarımfinalda ABŞ-la qarşılaşacaq. Oyun iyunun 21-də baş tutacaq.
Digər oyunda isə Çili Meksikanı 7:0 hesabı ilə darmadağın edib. Bundan əvvəl ABŞ və Kolumbiya yarımfinala vəsiqə qazanıb. 1/2 finalda ABŞ-Argentina və Kolumbiya-Çili matçları baş tutacaq.
Argentina-Venesuella 4:1
Qollar: Qonzalo Hiquayn, 8; 28. Lionel Messi, 60. Erik Lamela, 71 - Salomon Rondon, 70.


Şərhlər