Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə P.Abbasov 20 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il avqustun 2-də saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qətl hadisəsinin Biləsuvar rayonu Ağayarlı kənd sakini, 20 yaşlı P.Abbasov tərəfindən törədilməsi müəyyən edilib. Həmçinin o da müəyyən edilib ki, P.Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib.
P.Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunub və o, tutularaq istintaqa təhvil verilib.


Şərhlər