Komitə sədrindən vətəndaşları həyəcanlandıracaq açıqlama...
Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Bərdə şəhərində keçirdiyi görüşdə Ağdam, Ağcabədi, Laçın, Mingəçevir, Tərtər, Goranboy, Xocalı və Yevlax rayonlarından olan vətəndaşları qəbul edərkən, maraqlı açıqlama verib. APA-nın məlumatına görə, o bildirib ki, əkin və otlaq xarakterli kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunmuş bütün tikililər söküləcək.
Bu məsələnin müvafiq qurumlar tərəfindən araşdırıldığını deyən komitə sədrinin sözlərinə görə, cəbhə bölgəsində yaşayan insanların müraciətlərində onların təmas xəttinə yaxın olan torpaqlardan istifadə edə bilmələri üçün şərait yaradılması xahiş olunur, həmin sahələrin sənədləşdirilməsi məsələsinin üstünlük təşkil etdiyi bildirilir.
Torpaq sahələrinin sənədləşdirilməsi məsələsində məsul şəxslərin yol verdiyi qanunsuz əməllər və özbaşınalıqlarla bağlı ciddi xəbərdarlıq edən Qərib Məmmədovun sözlərinə görə, respublika ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz tikililər inşa edən adamlara qarşı ciddi tədbirlər görüləcək.ÿKomitə sədri qeyd edib ki, “Bələdiyyə torpaqlarının verilməsi haqqında” və “Torpaq bazarı haqqında” qanunlara dəyişikliklər edilməsilə bağlı təkliflər hazırlanıb: “Bu sahədə nəzərəçarpan boşluqlar aradan qaldırıldıqdan sonra vətəndaşların indi üzləşdikləri bir çox çətinliklər mexaniki olaraq aradan qalxacaq”.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov "Azadlıq" qəzetinə deyib ki, torpaq sahələrinin zəbt olunmasına görə Torpaq və Xəritəçəkmə Komitəsi, rayon icra hakimiyyətlərinin nümayəndələri məsuliyyət daşıyır. Məmurlar vətəndaşların torpaq sahələrində özbaşına tikinti aparmasına müəyyən razılaşma, anlaşma əsasında imkan yaradıblar: “Bu işdə sahə müvəkkillərinin də rolu olub. Sonralar bələdiyyə yaradılanda bu işdə fəallıq göstərdilər və torpaqların qanunsuz şəkildə bəzi şəxslərə satılmasında əsas rol oynadılar. Pay torpağının təyinatı kənd təsərrüfatı məhsulu üçün olsa da, onun üzərində mülk və obyektlər tikilib. Əslində, insanların evi yıxılmamalıdır. Insanların həmin torpaqları zəbt etməsinə, orada ev və obyektlər tikilməsinə icazə verən, torpaqları satan qurumlardan hesab sorulmalıdır”.


Şərhlər