Menu

Ermənilər Azərbaycanın təbii sərvətlərini talan edirlər - FOTOLAR

04.07.2016, 13:45
Ermənilər Azərbaycanın təbii sərvətlərini talan edirlər - FOTOLAR

Ermənilər işğal olunan Azərbaycan torpaqlarındakı təbii sərvətləri talan etməkdə davam edirlər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın işğal altında olan Şahbulaq yüksəkliyində daş karxanalarının sayı günü-gündən artır. Həmin karxanalarda doğranan mişar daşlarını Ermənistana aparılır.

Ərazidə aparılan işləri təmas xəttinə yaxın yaşayış məntəqələrindən də açıq-aydın müşahidə etmək mümkündür. Təmas xəttində yaşayan sakinlər APA-ya bildiriblər ki, son bir ildə Şahbulaq dağ massivində qurulan daş karxanalarının sayı xeyli artıb: “Böyük ehtimalla bizim hərbçilərin görməməsi üçün karxanaya yolu arxa tərəfdən çəkiblər”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

[gallery size="full" ids="231292,231293,231294"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol