Kristof Daum Rumıniya millisinə baş məşqçi qismində rəhbərlik edəcək ilk xarici məşqçi kimi tarixə düşdü
Almaniyalı mütəxəssis Kristof Daum futbol üzrə Rumıniya milli komandasına baş məşqçi təyin olunub. “Report”un Şərqi Avropa Bürosu xəbər verir ki, bu barədə qərar Rumıniya Futbol Federasiyası (RFF) İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib. RFF İcraiyyə Komitəsinin üzvləri tərəfindən 62 yaşlı almaniyalı məşqçiyə yığmanın sükanı arxasına keçmək təklifi edilib.
Qeyd edək ki, 1986-cı ildən “FC Köln” klubunda məşqçilik karyerasına başlayan Kristof Daum daha sonralara Ştutqard, Bayer Leverkuzen, Beşiktaş, Fənərbaxça, FC Brüge komandaları ilə dəfələrlə ölkə çempionluğu və kubokunu qazanıb. 2013-cü ilin avqustundan 2014-cü ilin martınadək Türkiyənin Bursaspor klubunda çalışıb. Kristof Daum məşqçilik dönəmində 985 dəfə komandasını yaşıl meydana çıxarıb. 521 oyunda qələbə qazanıb, 230-da heç-hecə, 234-də isə meydanı məğlub tərk edib. Ümumilikdə isə baş məşqçi qismində Almaniya Bundesliqasında 400-dən çox oyun təcrübəsinə malikdir.
Xatırladaq ki, Rumıniya milli komandasının sabiq baş məşqçisi Angel İordanesku Futbol üzrə Avropa çempionatındakı uğursuzluqdan sonra istefaya göndərilib. Çempionatda zəif çıxış etməklə 1 xal toplayan Rumıniya millisi A qrupunda sonuncu yeri tutmaqla turnirin növbəti mərhələsinə adlaya bilməyib.
Kristof Daum Rumıniya millisinə baş məşqçi qismində rəhbərlik edəcək ilk xarici məşqçi kimi tarixə düşdü


Şərhlər