AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İran özünün müdafiə doktrinasına uyğun olaraq, raket proqramını reallaşdırmaqda davam edəcək. Bu gün İran İslam Respublikası (İİR) xarici işlər nazirliyinin (XİN) rəsmi nümayədəsi Bəhram Qasimi Almaniya kansleri Angela Merkelin fikirlərini şərh edərkən bu bəyanatla çıxış edib. Merkel iddia etmişdi ki, İranın raket proqramı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) bəyannaməsinə uyğun gəlmir.
«İran İslam Respublikası dəfələrlə bəyan edib ki, ölkənin raket proqramı istisnasız olaraq, müdafiə xarakteri daşıyır və daşıyıcıların nüvə başlıqları ilə təchiz olunmasını nəzərdə tutmur. Odur ki, proqram BMT TŞ-nın 2231 saylı bəyannaməsini pozmur və Ümumləşmiş Birgə Fəaliyyət Planına (ÜBFP) heç bir aidiyyatı yoxdur» - deyə, diplomat qeyd edib. Onun sözlərinə görə, heç bir bəyanat İranın raket proqramının reallaşdırılmasının gedişinə təsir göstərə bilməz. Milli təhlükəsizlik məsələləri nəzərə alınmaqla, İran özünün bu proqramını fəal şəkildə davam etdirmək niyyətindədir.
ÜBFP bu ilin yanvarından qüvvəyə minib. Mart ayında isə xəbər verilib ki, İran müxtəlif sinif raketlərin, o cümlədən, uzaq mənzilli «Qədr» ballistik raketlərinin sınağını həyata keçirib. İranın rəsmi şəxsləri bəyan edirlər ki, bu sınaqlar ÜBFP qaydaları ilə zidiyyət təşkil etmir, İranın nüvə proqramı üzrə danışıqların mözusu olmayıb və «sırf müdafiə xarakterli məsələdir».

Şərhlər