Menu

"İcra başçısına pul verməmişəm" - Məktub

13.07.2016, 18:40
"İcra başçısına pul verməmişəm" - Məktub

Bir neçə gün əvvəl saytımızda redaksiyamızın elektron poçtuna Goranboy rayonundan daxil olmuş şikayət məktubu dərc olunub. Məktubun rayon sakini Kamil Nəbiyev tərəfindən yazıldığı qeyd edilirdi.

Özünü Kamil Nəbiyev kimi təqdim edən şəxs qısa müddətdə dəfələrlə saytımızın elektron poçtuna məktub yollayaraq, israrla şikayətinin dərc olunmasını xahiş edib. Məktub müəllifi icra başçısı Nizaməddin Quliyevin ondan müxtəlif vaxtlarda işə qoymaq üçün 9 min manat rüşvət aldığını, sonradan isə işsiz qoyduğunu iddia edirdi.

Ancaq şikayət məktubu dərc olunduqdan bir müddət sonra redaksiyamızla əlaqə saxlayan və özünü Nəbiyev Kamil Afiq oğlu kimi təqdim edən şəxs, belə bir məktub yazmadığını bildirdi. Goranboy rayonu, İ.İsmayılov küçəsi 47 nömrəli evdə yaşayan K.Nəbiyev, bununla bağlı saytımıza göndərdiyi məktubun dərc edilməsini xahiş edib. Həmin məktubda bildirilir:

"Bildirirəm ki, 11 iyul 2016-cı il tarixdə AzPolitika.info saytında mənim adımdan gedən yazını mən verməmişəm. Yazını kimin verməsi haqqında məlumatım yoxdur. Rayon İcra Hakimiyyətinin başçısına pul verməmişəm. Heç buna mənim imkanım da yoxdur. Əksinə, başçı sağ olsun ki, mən ona müraciət etmişəm və o, təmənnasız olaraq məni Buzluq kənd icra nümayəndəliyində, sonra Sığorta idarəsində və Todan kənd icra nümayəndəliyində mühasib işləməyimə kömək etmişdir. Sonra ciddi xəstələndim, səhhətimlə əlaqədar pensiyaya çıxdığıma görə, 01 dekabr 2015-ci ildə öz xahişimlə ərizə verərək işdən azad edildim.

Sağlamlığım bir qədər bərpa olunduqdan sonra Ağdaş Qaz İxrac İdarəsinin Goranboy Paylayıcı məntəqəsində xətt baxıcısı işləyirəm. Aylıq əmək haqqım 276 manatdır. Mənim başqa işə ehtiyacım da yoxdur.

Mən icra başçısı ilə uzun müddət başqa sahədə birlikdə işləmişəm və hörmətli icra başçısına mənə etdiyi köməkliklərə görə böyük hörmətim var və ondan heç vaxt yazmaram. Saytlarda mənim adımdan rayon rəhbəri haqqında böhtan xarakterli yazı getdiyinə görə ondan üzr istəyirəm. Mən səhv, qələt edərəm ki, mənə qoyulan hörmətin qarşısında başçını lazımsız sözlərlə günahlandıraram. N.Quliyev mənim rəhbərimdi və həmişə xoş münasibətimiz olub. Mən nəinki indi, bundan sonra da başçı barəsində yazı yazmaram və yazılmağına imkan vermərəm. Heç vaxt ona hörmətimi əsirgəməyəcəyəm.

Bir sözlə, mənim adımdan yazılan məqalədən tam narazıyam, yazılanlara görə rayon İcra Hakimiyyətinin başçısından üzr istəyirəm. Təkzib verməyinizi və məqalənin kim tərəfindən yazılmasını araşdırmağınızı xahiş edirəm".

P.S. Qeyd edək ki, saytın texniki heyəti birinci məktubun hansı ünvandan gəldiyini, bu ünvanın sahibinin kimliyini araşdırır. Nəticəsi ilə bağlı oxucullarımıza da məlumat verəcəyik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol