Türkiyədə 15 iyul gecəsi hərbi çevriliş cəhdi zamanı prezident Ərdoğanı həbs etmək üçün onun qaldığı otelə hücum edən hərbçilərdən birinin istintaqa ifadəsi yayılıb.
“AzPolitika” Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Müharibə Axtarış-Qurtarma bölüyündə xidmətdə olan Selman Çankaya ilkin ifadəsində bildirib ki, dövlət çevrilişi cəhdində iştirak edəcəklərindən xəbəri olmayıb. Onlara bildirilib ki, gün ərzində terror əməliyyatında iştirak edəcəklər. “Biz də bölük yoldaşlarımızla birlikdə hazırlıq görüb, helikopteri gözləməyə başladıq. Ancaq Hava Qüvvələri Komandanlığında görəvli olan Tümgeneral Gökhan Şahin Sönmezateş yanımıza gəldi və bizə hərbi çevriliş olduğunu, ölkənin idarəçiliyinin bizə keçdiyini bildirdi. Bundan sonra Özəl Qüvvələrdən əsgərlər gəlincə, dövlət adamlarından birini almağa getdiyimizi anladıq”.
Selman Çankaya daha sonra bildirib ki, bundan sonra helikopterlərlə Marmarisə yola düşüblər və orda qruplar halında yerə endiriliblər. “Güclü atəş altında qalmışdıq. Atışma davam edən zaman rabitədən alacağımız adamın ordan uzaqlaşdığı xəbərini alınca geri çəkilməyə qərar verdik. Helikopterlər güclü atəşə görə alçala bilmədilər. 3 nəfərlik qruplar halında müxtəlif istiqamətlərə qaçmağa qərar verdik. Mən meşəyə qaçdım”.
Meşədə gizləndiyi zaman çevrilişlə bağlı yeni məlumatlar da əldə edən hərbçi, hərbi formasını mülki geyimə dəyişdikdən sonra avtobusla İzmirə gedib, burda isə həbs olunub.
Xatırladaq ki, Ərdoğan 15 dəqiqə əvvəl Marmarisdə qaldığı oteli tərk edərək İstanbula yola düşdüyündən qiyamçıların əlinə keçməmişdi.
V.Nəsibov


Şərhlər