Menu

Rusiya ABŞ-ı dollardan imtina ilə hədələyir

11.04.2014, 22:14
Rusiya ABŞ-ı dollardan imtina ilə hədələyir

Natiq Cəfərli: "Rusiya rəsmilərinin dollardan imtina ilə bağlı açıqlamaları sadəcə siyasi bəyanatdır"

Avropa Birliyi və ABŞ tərəfindən iqtisadi sanksiyalara məruz qalan Rusiya buna cavab olaraq dollardan imtina etmək niyyətindədir. Rusiya prezidenti Vladimir Putinin müşaviri Sergey Qlazyev bildirib ki, ABŞ sanksiyalarının tətbiqi təqdirində Rusiya başqa valyutanın istifadəsinə keçməklə yeni hesablaşma-ödəniş sistemi yaratmağa məcbur ola bilər. Belə olan halda MDB dövlətləri, o cümlədən Azərbaycanla ticarət əməliyyatları dollarla deyil, başqa valyuta, əsasən də rublla aparıla bilər. Putinin müşaviri bu sanksiyalardan özləri üçün böyük fayda ilə çıxacaqlarını da deyib.

Rusiya Federasiya Şurasının büdcə və maliyyə bazarları komitəsinin başçısı Sergey Ryabuxin də ABŞ-ın sanksiyalarına cavab olaraq Rusiyada dolların işlədilməsinə məhdudiyyətlər qoyulacağını mümkün sayır.

Rusiya dollardan imtina niyyətini reallaşdıra bilərmi və bu baş verəcəyi təqdirdə Azərbaycana hansı mümkün təsirləri olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli azadlıq.info-ya bildirib ki, Rusiya rəsmilərinin dollardan imtina ilə bağlı açıqlamalarının sadəcə siyasi bəyanat olduğunu deyir. Çünki dünyada əməliyyatların əksəriyyəti sivil sistem üzərində qurulur. Bu zaman dünyada qəbul olan, yəni dollar, avro, funt sterlinq, ya da İsveçrə frankı kimi konvertasiya olunmuş valyutalardan daha çox istifadə olunur. Dövlətlərarası müqavilələr bağlanarkən, ticarət əlaqələri qurularkən məhz bu valyutalardan, əsasən də ABŞ dollarından istifadə olunur. Rusiya yalnız MDB ölkələri ilə ticarət əlaqələrini öz milli valyutaları, yəni rus rublu ilə həyata keçirə bilər: "Azərbaycandan satılan məhsullara görə rus rublu, Azərbaycana satılan məhsullara görə manatla ödəniş etmək mümkün olardı. Amma sonradan həmin valyutalar onsuz da beynəlxalq birjalarda yenidən daha stabil, dünyada qəbul olunmuş valyutalara çevriləcək. Bunun arxasında duran əsas məqsəd rus rublunu gələcəkdə bütün MDB məkanında vahid ödəmə vasitəsinə çevirməkdir".

Bununla belə ekspert yaxın gələcəkdə Rusiyanın dollardan imtina niyyətinin gerçəkləşməyəcəyini də vurğuladı. Çünki bunun üçün uyğun şərtlər mövcud deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol