Krımın həyasızcasına ilhaqından sonra Avropa ölkələri Rusiyanın gerçək simasını görərək İkinci Dünya Savaşından sonra ilk dəfə real təhlükə ilə üzləşdiklərini hiss etməkdədirlər. Azərbaycan da istisna deyil, baxmayaraq ki, hal-hazırda iki ölkə hakimiyyətləri arasındakı münasibətlər buna o qədər də əsas olmadığı qənaəti yaradır. Amma "rus ayısına" nə etibar? Onun dostluğunu, strateji müttəfiqliyini azmı görmüşük? Belə bir gərgin situasiyada ölkədəki siyasi qüvvələrin vahid mövqedən çıxış etməsi daha məqsədəuyğun olmazmı?
Odur ki, bu zərurəti nəzərə alaraq belə bir sualla ölkənin ən nüfuzlu siyasi qurumunun rəhbərlərindən birinə müraciət edib:
Milli Şura mümkün Rusiya təhlükəsiylə bağlı ölkədəki bütün siyasi qüvvələrin birgə toplantısını təşkil etmək və ya birgə sənəd imzalamaq təklifiylə çıxış etməyi nəzərdə tutmur ki?
Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyli Moderator.az-a açıqlamasında belə bir zərurətin olmadığı qənaətini ortaya qoydu:
“Mən belə bir zərurətin ortada olduğunu düşünmürəm. Birincisi, ölkəmizin mütəqilliyinə ciddi təhlükə görmürəm. Rusiya Ukraynada özünü tələyə saldı və hələ uzun müddət başı Krım avantürasının fəsadlarını aradan qaldırmağa qarışacaq. Rusiya üçün ikinci cəbhə açmaq fəlakət olardı. Digər tərəfdən, Rusiyanı buna nə vadar edə bilər? Eyni zamanda, Azərbaycan hakimiyyətinin də öz maraqları baxımından sonadək ölkəmizin müstəqilliyini qorumaqda qərarlı olduğuna əminəm. Bunu BMT-dəki səsvermə də göstərdi. Azərbaycan nəinki Ukraynanın ərazi bütövlüyünə səs verdi, eyni zamanda, bununla bağlı xüsusi bəyanatla çıxış etdi. Azərbaycan hakimiyyəti ölkə üzərində monopoliyasını nə daxildən, nə də xaricdən heç kimlə bölüşmək istəmir və nə qədər təzadlı olsa da, müstəqilliyimizin təminatlarından biri də məhz bu faktordur. Dövlətimizin ərazi bütövlüyü və müstəqilliyi məsələsində müxalifətlə hakimiyyətin mövqeləri üst-üstə düşür və Milli Şura olaraq biz hakimiyyətin BMT-dəki səsvermədə tutduğu düzgün mövqeni təqdir etmişik. Birgə sənədlə çıxış etmək zərirətini isə görmürəm. Birgə sənəd əməkdaşlığın, dialoqun nəticəsi ola bilər. Dostlarımız haqsız yerə həbsdədirlərsə, təqib olunuruqsa, hakimiyyət bizimlə təkcə siyasi ədavət deyil, şəxsi düşmənçilik aparırsa, hansı dialoqdan danışmaq olar? Öz adıma deyirəm, hakimiyyət şərəfsizlərin əli ilə 9 yaşlı övladımı nevroloji xəstəyə çeviribsə, özümün, ailəmin, nəslimin şərəf və ləyaqəti ilə oynayırsa mən hakimiyyətlə hansı dialoqdan danışa bilərəm? Bir də ki, hakimiyyət heç vaxt belə bir əməkdaşlıqda maraqlı olmayıb. Vaxtaşırı səslənən fikirlər də qeyri-səmimidir. Azərbaycan hakimiyyəti gerçək əməkdaşlıqda maraqlı olacağı gün siyasi məhbusları azad edəcək. Yalnız o zaman bu mövzuya qayıda bilərik."


Şərhlər