AXCP sədrinin köməkçisi Faiq Əmirli şübhәli şәxs qidmindә 48 saatlıq saxlanılıb. O, Nәrimanovdakı müvəqqəti saxlanma tәcridxanasına aparılıb. Bu barәdә vәkil Aqil Layıcov mәlumat verib.
Vəkilin sözlərinə görə, Faiq Əmirli götürülən kitabların ona məxsus olmadığını, əməliyyatçılar tərəfindən avtomobilə qoyulduğunu bildirib:
“Ona CM 283-cü maddəsilə ittiham irəli sürülüb. Bu maaddənin mətnində dini-irqi və eyni zamanda mlli zəmində ixtişaşların təşkil olunması öz əksini tapır. Əvvala, kitab onun deyil, ikincisi də, kitab onun olsa belə, orada nümayişkəranə şəkildə kitabın yayılmasından söhbət gedə bilməz. Müdafiə tərəfi olaraq, hesab edirik ki, bu əməl onun tərəfindən törədilməmişdir və ehtimal olunan, şübhə doğuran əməldə cinayət tərkibi yoxdur”.
Vəkil üç kitabdan ikisinin Azərbaycan dilində, birinin isə türk dilində yazıldığını bildirib: “Faiq Əmirov türk dilində anlayışı olmadığını bildirdi. Kitabın içində isə hər hansı dini-irqi və milli zəmində qarşıdurmaya səbəb olacaq heç bir ifadə yoxdur. Kitablarda daha çox Allahın təbliği və insanın necə dürüst olması haqda yazılar nəzərimi çəkdi. Bu kitabların heç biri qadağan olunmuş ədəbiyyatlar siyahısında yoxdur”,- deyə vəkil bildirib.
***
Qeyd edək ki, yerli vaxtla saat 13:30 radələrində Faiq Əmirlinin mənzilində axtarış başa çatıb, bundan sonra müstəntiqlər onun avtomobilində axtarışa başlayıb. Yaxınlarının sözlərinə görə, mənzildə heç nə tapılmayıb. Bu arada, müstəntiqlər toy disklərini və qəzetin nəşri ilə bağlı sənədləri götürüblər.
“Əmirova qarşı hansı ittiham irəli sürülürsə sürülsün, bu, əsassız olacaq. Baş verənlər şəxsən mənə və partiyaya qarşı yönəlmiş sürətli repressiya kampaniyasının bir hissəsidir”, deyə AXCP lideri Əli Kərimli Turan-a bildirib.
____
Faiq Əmirlinin evində axtarış aparan şəxslər onun avtomobilinə də baxış keçirib. İstintaq İdarəsinin əməkdaşları avtomobilə baxış zamanı guya Fətulla Gülənə aid kitablar aşkarlayaraq götürüblər.
Azadlıq.info-nun məlumatına görə, Faiq Əmirli həbs olunan zaman avtomobilinin açarları ondan alınıb və bir saat müddətində istintaq idarəsinin əməkdaşlarında qalıb.
_______
AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə şahid qismində dindirilir.
APA-nın əldə etdiyi məlumata görə, F. Əmirov həmin cinayət işinin araşdırıldığı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib. Hazırda onun ifadəsi alınır.
Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılması barədə məlumat yayıb.
* * *
“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli bu dəqiqələrdə mülkü geyimli şəxslər tərəfindən saxlanılıb.
Onun hara və nə üçün aparıldığı haqda heç bir məlumat yoxdur. Faiq Əmirli saxlanılandan sonra Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşları onun yaşadığı evdə axtarış aparıb.
Qeyd edək ki, "Azadlıq" qəzeti Faiq Əmirlinin həbsiylə bağlı bəyanatla çıxış edib. Bəyanatda Faiq Əmirlinin həbsini tam qanunsuz və əsassız sayan qəzet hesab edir ki, bu addım digər həbsləri davam etdirməyə yol açmaq üçün düşünülüb: "Azadlıq qəzeti tələb edir ki, heç bir qanuni əsas olmadan həbs edilmiş Faiq Əmirli təcili azadlığa buraxılsın. Bütün oxucularımıza, yerli və dünya ictimaiyyətinə bildiririk ki, Azadlıq qəzetinin özünün taleyi təhlükədədir. Repressiyaları durdurmaq üçün yubanmadan təsirli addımlar atılmalıdır. Azadlıq qəzeti ən çətin şəraitdə də fəaliyyətini davam etdirəcək, sonuna qədər azad söz uğrunda mübarizəsinə sədiq qalacaq".

Şərhlər