Menu

Saakaşvili Gürcüstana dönəcəkmi? - Ziddiyyətli açıqlamalar

10.10.2016, 18:06
Saakaşvili Gürcüstana dönəcəkmi? - Ziddiyyətli açıqlamalar

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakaşvili seçkidən sonra vətəninə dönəcək, yoxsa yox? Hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Saakaşvili bu barədə ziddiyyətli bəyanatlar verir.

Azadliq.org-un məlumatına görə, o, oktyabrın 7-də “112 Ukrayna” televiziya kanalına müsahibəsində vətəninə dönmək fikrində olmadığını və Ukraynada fəaliyyətini davam etdirmək fikrində olduğunu deyib: “Ukraynaya qastrola gəlməmişəm. Burda döyüş meydanını tərk etməməliyəm. Amma sözsüz, seçkidən sonra Gürcüstana gedəcəm, ölkəmə kömək eləməliyəm, öz hesabıma məzuniyyət götürüb yaxın günlərdə hansısa prosesə qatılacam”, deyə o bildirib.

Saakaşvili deyib ki, orda demək olar ki, bütün polis və silahlı qüvvələr onların, başqa sözlə dövlətçilik və qanunun tərəfində olduğundan ona heç kimin barmağı da dəyə bilməz.

Saakaşvili bundan əvvəl-oktyabrın 4-də demişdi ki, siyasi rəqibləri onu sərhəddə gurultulu alqışlarla qarşılayacaq və əvvəllər yüksək vəzifə tutmayan insanların iştirakı ilə yeni hökumət yaradılması ilə məşğul olacaq.

“Özü də yeni hökumətdə çoxlu qadın olacaq. Çünki onlar daha hümanistdirlər”, deyə o vurğulayıb.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də də demişdi ki, parlament seçkisinin nəticələrini müdafiə etmək üçün Gürcüstana gedəcək, özü də bu seçkidə onun “Vahid milli hərəkat” partiyası qalib gələcək.

Hakim “Gürcü arzusu “ koalisiyasının banisi və keçmiş baş nazir Bidzina İvanashvili bundan əvvəl-hələ sentyabrın 30-da bəyan edib ki, vətənə dönəcəyi halda Saakaşvilini həbs gözləyir.

Daxili işlər naziri Georgi Mqebrishvili də sentyabrın 26 da təxminən eyni bəyanatla çıxış eləmişdi.

Qeyd edək ki, “Gürcü arzusu” koalisiyası ilə Saakaşvilinin "Vahid milli hərəkat” partiyası yeni parlamentdə əsas siyasi qüvvələr hesab olunurlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol