Menu

Vətəndaşları aldadan tikinti şirkətinin direktoru apellyasiya şikayəti verib

22.10.2016, 10:40

qandalDələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə prosesi oktyabrın 26-na təyin edilib.

İşə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.

Araşdırmalar zamanı MMC-nin direktoru Q.Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində heç yerə getməməklə bağlı iltizam alınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Rəhimov 6 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol