Binəqədidə 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsinə görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.
İlk şahid Hacıbaba Əkbərov olub.
O, 2012-ci ilin avqustundan 2014-cü ilin yanvarınadək olan müddətdə Binəqədi Rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsində böyük məsləhətçi işlədiyini deyib.
Onun sözlərinə görə, işlədiyi dövrdə yanan binada üzlənmə işləri başalamışdı: “Mən icra hakimiyyətinə işə düzələndə artıq binalarda təmir işləri gedirdi”.
Şahidin sözlərinə görə, binaların təmir işlərinin aparılmasında Binəqədi Rayon İcra Hakimiyyəti sifarişçi olmayıb: “Buna görə də binada aparılan işlərə biz yaxından nəzarət etməmişik, bu işlərə nəzarət etmək üçün mənə göstəriş verilməyib. Mənim başqa bir şirkətin gördüyü işlərə nəzarət etmək səlahiyyətim olmayıb. Vəzifəm yalnız icra hakimiyyətinin sifarişi ilə görülən işlərə nəzarət etmişəm”.
Şahid yanğın hadisəsinə görə heç bir məsuliyyət daşımadığını və rayonda bina və obyektlərdə aparılan təmirlər zamanı texniki işlərə nəzarət etmək kimi bir səlahiyyətinin olmadığını vurğulayıb: “Mənim vəzifəm memarlıqdır. Ancaq memarlıqla bağlı işlər görmüşəm. Yanğın təhlükəsizliiynə icra hakimiyyətinin başqa şöbələri və mütəxəssisləri nəzarət edirdi”.
Binanın üzlənməsi üçün ayrılan vəsaitin kim tərəfindən ödənilməsindən xəbərinin olmadığını deyən şahidə təqsirləndirilən şirkət rəhbəri Miryusif Mahmudov cavab verib.
M.Mahmudov bildirib ki, binada təmir işləri Binəqədi Rayon İcra Hakimiyyətinin vəsaiti hesabına deyil, onun şəxsi vəsaiti hesabına aparılıb.
Prosesin davamında şahidə Miryusif Mahmudovun vəkili İlhamə Həsənova suallar verib.
Şahidi yalan danışmaqda günahlandıran vəkil ona xəbərdarlıq etməyi də unutmayıb. Vəkil deyib ki, şahidlər yalan ifadə verməyə görə məsuliyyət daşıyır.
Hacıbaba Əkbərov isə yalan danışmadığını deyib.
Bu söhbətin davamında təqsirləndirilən şəxslərin vəkilləri ilə hakim arasında mübahisə yaranıb.
Mübahisə birdikdən sonra Hacıbaba Əkbərov qeyd edib ki, Azadlıq prospektində olan binada aparılan üzləmə işləri zamanı işçi komissiyası yaradılmayıb.
Şahid ifadəsində deyib ki, yanğın baş verən bina icra hakimiyyətinin balansında olmayıb. İcra hakimiyyətinin sabiq işçisi indi də binanın hansı qurumun balansında olmasından xəbərinin olmadığını söyləyib.
Şahid bildirib ki, yanan binaya bitişik olan qeyri-yaşayış sahəsində aparılan təmir-tikinti işlərinə Xaləddin İsgəndərov göstəriş verməyib.
Məhkəmədə digər şahid Telman Adıgözəlov da ifadə verib.
O qeyd edib ki, yanan binada aparılan təmir işləri zamanı fəhlələrin işinə nəzarət edib.
Telman Adıgözəlov bildirib ki, yanan binada təmir işləri üçün işçi qüvvəsini o təşkil edib: “İşə götürüləndə sənədə imza atmışam. Amma sənədin nədən ibarət olduğunu bilməmişəm. Hər ayın sonunda əməkhaqqı almışam”.
Telman Adıgözəlov qeyd edib ki, binaya “poliuteran” materialını onun işçiləri vurub: “Mən orada işə düzələndə Xanlar müəllim adlı iş icraçısı da var idi. Xanlar müəllim işlərin görülməsinə nəzarət edib”.
Yanğına görə həbs edilən Xaləddin İsgəndərovun müavini olmuş Qəzənfər Novruzovun vəkili Xanlar Bayramzadə vəsatətlə çıxış edib. Vəkil Binəqədi Rayon İcra Hakimiyyətinin Tanrıverdiyev soyadlı işçisinin məhkəməyə çağırılması barədə vəsatət verib. Hakim bildirib ki, vəsatətə əsas şahidlərin dindirilməsi başa çatandan sonra baxılacaq.
Məhkəmə prosesi noyabrın 1-də davam edəcək.
Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Şərhlər