Menu

"Tikintiyə sərəncamı kim veribsə, günahkar da odur" - Yanan bina ilə bağlı məhkəmədən

08.11.2016, 17:11

yanan_bina11Bu gün ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə şahid "Global Stone" MMC-nin üzlük detallarının qəliblənmə sexində usta işləmiş Rizvan Mehdiyev vəkillərin suallarını cavablandırıb. O bildirib ki, təsisçilər şirkətin idarə edilməsində iştirak etməyiblər: "Xətai rayonunda yaşayış binası yananda bizim şirkətə də komissiya gəldi və materiallardan nümunələr götürdülər. Sonra bu materialların yaxşı olduğunu dedilər. Yanğın baş verən gün mən işdə deyildim. İstehsal olunan poliuretan məhsullarının sınaqdan keçirilməsi prosesində dəfələrlə iştirak etmişəm. Burada materialın tez yanan maddə olmamasının şahidi olduq. Bizim işimiz əsasən poliuretan məhsullarını qəlibləşdirməkdən ibarət idi".

Təqsirləndirilən Miryusif Mahmudov deyib ki, istehsal olunan materialın keyfiyyətli olması barədə bütün qurumların rəyi var: "Biz cinayətkar deyilik, quldur deyilik. Tankın üstünə də yandırıcı maddə atsan alışıb yanar. Yanğının səbəblərini siz araşdırın. Zərərçəkənlər də məhkəmədə dedilər ki, binaya bitişik tikilinin üstündə lopalar görüblər, partlayış səsi eşidiblər. Kimsə pul alıb həmin tikilinin binaya bitişik tikilməsinə icazə verib. Halbuki, bu təhlükəsizlik qaydalarına zidd idi. Amma həmin şəxslər bu gün məhkəmə qarşısına çıxarılmayıb. Mənim evim də, uşağımın evi də, şirkətin ofisi də bu materialla üzlənib".

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçilərindən biri Mahmudov Miryusif Mircəfər oğlu, “Qlobal Stone” MMC-in keçmiş sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Fasilədən sonra prosesdə vəkillər əlavə zərərçəkmişlər - Aytən Rəsulova, İlqar Məmmədov və Ülvi Hüseynovun məhkəmə prosesinə çağırılaraq dindirilməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib.

Sonra hakim Əfqan Hacıyev hal-hazırda ölkə xaricində olan zərərçəkmişlərin ifadəsini elan edib. Zərərçəkmiş, Rusiyanın Surqut şəhərində yaşayan Alimə Kişiyeva istintaqa verdiyi ifadəsində ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti olmamasını qeyd edib. Daha sonra zərərçəkmiş Xəyalə Hidayətovanın ifadəsi elan edilib. Zərərçəkmiş yanğın baş verən binada kirayə yaşadıqlarını, hadisə zamanı anası və oğlu ilə birgə mənzildə olduqlarını bildirib. Yanğından sonra tüstüdən zəhərləndiklərinə görə xəstəxanaya yerləşdirildiklərini ifadəsində göstərib. Təqsirləndirilən Miryusif Mahmudovun vəkilləri Toğrul Məmmədov və Məhəmməd Abbasovun məhkəməyə çağırılıb şahid qismində dindirilməsini istəyiblər. Hakim qeyd edib ki, bəzi şahidlərin məhkəməyə məcburi gətirilməsi haqqında qərar çıxarılıb. Təqsirləndirilən Miryusif Mahmudov həmçinin şirkətin müavinləri Toğrul Məmmədovun və Arif Əliyevin məhkəməyə şahid qismində gətirilməsini istəyib: "Ən vacib iki şəxs məhz bunlardır. Arif Əliyev istintaq zamanı ifadə verməyə də çağırılmayıb. Necə olur ki, təsisçi, MKİS müdiri məsuıiyyətə cəlb olunur, amma bu iki müavin, bu iki mütəxəssis cəlb olunmur. Demirəm ki, onları tutsunlar. Amma gəlib mütləq ifadə verməlidirlər. Çünki təhlükəsizliyə birbaşa nəzarət edən şəxslər onlardır. Mütləq çağırılıb dindirilməlidirlər".

Sonra Miryusif Mahmudovun vəkili Şahmar Məmmədov yanan binaya bitişik birmərtəbəli tikili haqqında sənədlərin məhkəmədə araşdırılması haqqında vəsatət qaldırıb: "İlkin özəlləşdirmə üçün əsas olmuş sənədlərin surətlərinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən tələb edin".

M.Mahmudovun vəkili yanğın təhlükəsizlik qaydalarının bu tikiliyə görə pozulduğunu məhkəmənin diqqətinə çatdırıb: "O tikinti orada olmasaydı, bu yanğın baş verməyəcəkdi. O tikintiyə sərəncamı kim veribsə, günahkar da odur. Bu çox əhəmiyyətli məsələdir. Yanğın təhlükəsizlik qaydaları bu tikiliyə görə pozulub. Əgər ara məsafələri gözlənilsəydi, yanğın olsaydı belə, binaya keçməzdi", - deyə vəkil İlhamə Həsənova qeyd edib.

72 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucovun vəkili Vasif Həsənov təqsirləndirilən M.Mahmudovun vəkillərinə etiraz edib və vəsatətin təmin edilməməsini istəyib: "Əvvəl deyirdilər ki, bina partladılıb, sonra dedilər ki, binanı yandırıblar. Sonra bildirdilər ki, zibildən yanıb. Yən, müdafiə tərəfinin konkret bir versiyası yoxdur”.

Vasif Həsənovun çıxışı M.Mahmudovun vəkillərinin etirazına səbəb olub, prosesdə vəkillər arasında mübahisə yaranıb.

Miryusif Mahmudov qısa arayış verib: "Yarımtikilinin üstündə üç lopa olub. Zərərçəkmişlər burada bununla bağlı ifadə verəndə də dedilər. Şəhərsalma qaydalarını biz yox, binaya bitişik tikiliyə icazə verənlər pozub. Amma o adamların heç biri burada bizim aramızda yoxdur".

Vəkilin qaldırdığı vəsatət baxılmamış saxlanılıb. Məhkəmə prosesi noyabrın 10-da davam etdiriləcək.

 

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol