Menu

İslam Əməkdaşlıq Təşkilatına yeni baş katib seçilib

17.11.2016, 19:54
İslam Əməkdaşlıq Təşkilatına yeni baş katib seçilib

Məkkədə İƏT xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilib

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) yeni - 11-ci baş katib seçilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Safa Sarayında keçirilən İƏT xarici işlər nazirlərinin növbədənkənar iclasında bu posta doktor Yusuf əl-Useymin gətirilib.

Toplantıda İƏT-in baş katibi postundan səhhətində yaranmış problemlərlə əlaqədar istfa vermiş İyad əl-Mədəniyə təşəkkür edilib və Yusuf əl-Useymin dərhal vəzifəsinin icrasına başlayıb.

O, bu posta gətirilənədək İƏT baş katibinin baş müşaviri və aparatının rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Yusuf əl-Useymin Səudiyyə Ərəbistanının Uneyza şəhərində doğulub və Kral Səud Universitetindən sosioloji və sosial xidmətlər ixtisası üzrə məzun olub. Eyni zamanda, Ohayo Universitetində magistr təhsili alıb. O, müxtəlif illərdə Səudiyyə Ərəbistanı Sosial İşlər Nazirliyində müşavir, nazir müavini, nazir məsləhətçisi və nazir vəzifəsində çalışıb. Kral Abdullah Vəqfinin baş katibi, Səudi Ərəbistan Mədəniyyət Sənət Dərnəyinin sədri işləyib. Yusuf əl-Useymin 1969-cu ildə yaradılmış İƏT-ə sədrlik edən ikinci səudiyyəlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol