AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Berlində baş vermiş qanlı hadisə ilə bağlı Almaniya hökuməti ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyə hazırlaşır.
Ötən gecə paytaxt Berlində yük maşını Yeni il yarmarkasına gəlmiş insan topasının üzərindən keçib. Angela Merkelin sözlərinə görə, hakimiyyət baş verənləri terror aktı kimi qiymətləndirir.
Kansler, Almaniya vətəndaşlarını polisə inanmağa və panikaya varmamağa çağırıb.
Yarmarkada baş verən hadisə Berlin sakinlərini «şok»a salıb. Onlar təəccüb içində fikirləşirlər - nə üçün polis təhlükəsizliyi təmin edə bilməyib?
Müstəntiqlər hesab edirlər ki, 12 nəfərin həlak olması ilə nəticələnmiş bu hadisə zamanı yük maşını məqsədli şəkildə yarmarkadakı insanların üstünə sürülüb. Almaniya polisinin mətbuat katibi Tomas Heydorf bildirib ki, hadisənin şahidləri hücum edənin (sürücünün) xarici körkəmini əlüstü təsvir ediblər və o, saxlanıb.
Bundan əvvəl xəbər verilmişdi ki, polis ilkin olaraq, hadisəni «hücum» kimi təsnif edib. Almaniyanın daxili işlər naziri Tomas de Mezer etiraf edib ki, çoxları bunun terakt olduğunu danışır.
«Böyük ehtimalla, cinayətkarlar maşını sürücünün əlindən zorla alıblar» - deyə, maşının qeydiyyatda olduğu nəqliyyat firmasının sahibi Ariyel Zuravski bəyan edib.

Şərhlər