Bakıda Fransız Liseyi açıldı
Fransa Respublikasının Prezidenti Fransua Olland mayın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
F. Ollandı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
"Fransa prezidentinin Azərbaycana ilk səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminəm”.APA-nın verdiyi məlumata görə, bunu Bakı Fransız Liseyinin açılışında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
Prezident İlham Əliyev deyib ki, ölkələr arasında çox sıx əlaqələr var və bu rəsmi səfər də bunu təsdiqləyir: “Daim fikir mübadiləsi aparır, beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. Siyasi əlaqələrimizin yüksək olması digər sahələrə də təsir göstərir. Sabah iqtisadi əlaqələr təkan vermək üçün biznes forum keçiriləcək. Fransadan da çoxlu sayda iş adamı gəlib, ticari əlaqələrin daha da genişlənəcəyinə inanıram”.

Prezidentin sözlərinə görə, yüzlərlə Azərbaycan gənci Fransada təhsil alır: “Səfərinizin bu liseydən başlaması Sizin də təhsilə böyük önəm verdiyinizi göstərir. İnanıram ki, bu liseydə təhsil alan gənclər iki ölkə arasında əlaqələri inkişaf etdirəcəklər. Burada fransız uşaqlar öz dilində təhsil alacaq, Vətənlərinə bağlı ocaq, azərbaycanlı uşaqlar isə fransız dilini öyrənəcəklər”.
Prezident İlham Əliyev qeyd edib ki, dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyil: “Bu təhsil müəssisəsində bir-birinə hörmətlə yanaşan gənclər yetişəcəklər. Bu lisey Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaq. Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Bu gün Bakıda açılan lisey isə Fransa səfirliyindən sonra Fransanın ikinci parçası olacaq”.
Dövlət başçısı nəzərə çatdırıb ki, Ağ Şəhərdə Paris məhəlləsi yaradılır: “Əminəm ki, Fransa prezidentinin Azərbaycana səfəri uğurlu olacaq”.

“Mən Fransız liseyində olduğumdan çox məmnunam. Bu lisey ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq”.
APA-nın verdiyi məlumata görə, bunu Bakı Fransız Liseyinin açılışında Fransa prezidenti Fransua Olland söyləyib.
Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Fransa-Azərbaycan əlaqələrinin inkişafında xidmətlərinə görə təşəkkür edən F. Olland liseydə 350 şagirdin təhsil alacağını bildirib. O bu səfərin Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci ildəki səfərinə cavab olduğunu söyləyib: “Azərbaycan Luvr muzeyində departamentin açılışına yardım edib. Luvr muzeyində dünya mədəniyyəti yer alıb”.
Fransa prezidenti Bakının tezliklə dünyanın ən böyük və gözəl şəhərlərindən biri olacağını qeyd edib: “Biz enerji ilə bərabər, şəhərsalma və nəqliyyat sahəsində də Azərbaycanla əməkdaşlıq etmək istəyirik”.
F. Olland Fransada Azərbaycan tələbələrini qəbul etməyə hazır olduqlarını qeyd edib: “Biz Parisdə yeni mərkəz tikəcəyik, orada Azərbaycandan tələbələr qəbul etməyə hazırıq. Bu liseydə Eyfel qülləsi və Qız qalasının təsəvvürü var. Sizin nə demək istədiyinizi anladıq. Birinci, bu, Sizin tarixinizi göstərir. İkinci, həm də Siz müstəqilliyinizi qoruyub saxlamaq istəyirsiniz. Azərbaycanda iqtisadi inkişaf çox yüksəkdir. Avropada da belə bir inkişafın olmasını, əhali üçün belə şərait yaradılmasını istərdik. Bu gün səfərimizin əsas məqsədi budur. Bu ilk səfərdə mən Azərbaycanda çox şey kəşf etdim. Azərbaycana yenə də gələcəyəm”.
Fransa prezidenti sentyabr ayından bu liseydə çoxlu sayda şagirdlərin təhsil alacağına əmin olduğun bildirib.


Şərhlər