Üç ölkənin xarici işlər və müdafiə nazirlərinin razılaşdırdıqları “Moskva bəyannaməsi”, Qazaxıstanın paytaxtı Astanadakı görüşlə daimi barışıq və siyasi həll yolunda təkamülləşəcək.
Çox yaxşı, bəs bu Rusiya və əsasən Türkiyə üçün hansı anlama gəlir?
Suriyaya hərbi müdaxilə nəticəsində Rusiya həm döyüş sahəsində, həm də diplomatik sferada mübahisəsiz üstünlük əldə edib. Rusiyanın hərbi-dəniz güclərinin Tartusda və Latakiya yaxınlığında Himeymim aviabazasındakı hava qüvvələri xüsusi rol oynayıb.
15 iyul dövlət çevrilişinə cəhddən sonra prezident Ərdoğana ilk zəng edən və onu dəstəkləyən bir lider kimi, Putin, təsadüfi olmayan zamanlamayla münasibətlərini düzəltdiyi Türkiyə ilə əməkdaşlıq içərisində “yüzilliyin humanitar böhranına son qoyan lider” statusu ilə regiondakı mövqeyini gücləndirmək istəyir.
Digər tərəfdən isə bütün bölgə ölkələrinin enerjisini tükəndirən və onların daxili dinamikasının kardinal dəyişdirilməsinə səbəb olan Suriya böhranının tezliklə həll edilməsi ümumi bir arzudur və bu məkanı ABŞ çoxdan buraxdığı üçün, Rusiyanın liderliyi demək olar ki, etirazla qarşılanmır.
Əslində Rusiya müəyyən bir vaxt ərzində atəşkəs barəsində ABŞ-la danışıqlar aparıb. Ancaq bu görüşmələrdən “pitsa-vodka” piar kampaniyasından başqa heç bir nəticə əldə olunmayıb. Bu döyüşlərin dayandırılması üçün aparılan yeganə danışqlar da deyildi. Ən əsası isə Cenevrə danışıqları uğursuzluğa düçar olmuşdu və bu prosesin daha da mürəkkəbləşməsindən başqa heç nə verməmişdi.
Ona görə də, Rusiya döyüş meydanında aktiv hərbi gücü olan iki regional ölkə ilə əməkdaşlıq edərək, dünyaya aydın siqnal göndərir. Belə güman etmək olar ki, terror təşkilatları ilə mübarizəni istisna etmək şərti ilə Hələbdə təmin olunan atəşkəsə bənzər vəziyyətin bütün Suriya ərazisinə yayılması ilə, Rusiya müsəlman ölkələrinin gözündəki qəddar güc obrazını dəyişdirə bilər.
Türkiyə və Rusiyanın uzlaşdığı mühüm amil Suriyanın ərazi bütövlüyünün qorunmasıdır. Axı, Türkiyə ABŞ-ın Suriyanın və həm də elə Türkiyənin bölünmə ssenarisinin əleyhinə çıxacağına əmin deyil.
Çevriliş cəhdindən sonra Fətullah Gülən terror təşkilatının və YPG kontekstində gərilmiş vəziyyətdəki münasibətlər, ”Fərat qalxanı” əməliyyatına göstərilən məhdud dəstək və Əl-Babda tamamilə yalnız buraxılmağımız - bütün bunların hamısı bizim Rusiya ilə əməkdaşlığımızı daha da dərinləşdirir. Başqa sözlə, belə demək lazımdır ki, Rusiya ilə yaxınlaşmağımızla bərabər, ABŞ-ın bizi buraya necə itələdiyini də mütləq analiz etməliyik.
Putin bəyan edib ki, atəşkəs haqqında razılaşma əldə olunub və Türkiyə ilə Rusiya bunun təminatçısı kimi çıxış edir. Rusiyanın Suriyada hegemon olmaq iddiasını, onun İranla arasında fikir ayrılıqları yarada biləcəyinə bir işarə kimi də yozmaq olar. Bundan başqa Rusiya təyyarələri Əl-Bab–ın cənubundakı obyektləri bombalayıb. Hərçənd ki, bu ərazilər Türkiyə silahlı qüvvələrinin döyüşdüyü rayonlar deyil, amma Əl-Bab yaxınlığındakı İŞİD nöqtələrini ABŞ rəhbərliyindəki koalisiya deyil, Rusiya bombalayır. Bu kritik məna kəsb edir.
(“Sabah” qəzeti - Müəllif Hilal Kaplan. Türkiyə)


Şərhlər