Menu

Müxalifətçilər Fransa prezidenti ilə görüşdən danışdılar -VİDEO -FOTOLAR

12.05.2014, 19:55
Müxalifətçilər Fransa prezidenti ilə görüşdən danışdılar -VİDEO -FOTOLAR

Fransanın Azərbaycanda səfərdə olan prezidenti Fransua Olland müxalifət liderləri və vətəndaş cəmiyyəti institutunun nümayəndələri ilə görüşüb. Bu gün keçirilən görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, REAL Hərəkatının Məclis sədri Erkin Qədrili, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, “Turan” İnfromasiya Agentliyinin direktoru Mehman Əliyev və araşdırmaçı jurnalist Xədicə İsmayıl iştirak edib.

Görüş barədə “Azadlıq”a məlumat verən Əli Kərimli bildirib: ”Görüşdə iki ölkə arasındakı münasibətlər, Azərbaycandakı siyasi vəziyyət, siyasi məhbuslarla bağlı- həbsdə olan gənclər, siyasilər, jurnalistlər, dindarlarla bağlı müzakirə apardıq. Həmçinin ölkədə seçki saxtakarlığı ilə bağlı ciddi müzakirələr apardıq. Azərbaycan - Avropa Birliyi münasibətləri, Azərbaycanın Avropa Birliyi ilə assosiasya sazişi imzalaması barədə bizim təşəbbüslərimiz, Azərbaycan hökumətinin Avropa Birliyinə inteqrasiya siyasətinə yaratdığı əngəllər də xüsusi muzakirə mövzusu oldu. Eyni zamanda Azərbaycanda fundamental hüquq və azadlıqların məhdudlaşdırılması, mətbuatin acınacaqlı vəziyyəti, sərbəst toplaşmaq azadlığının olmaması, siyasi müxalifətə, insan huquq müdafiəçilərinə qarşı təzyiqlərlə bağlı fikir mübadiləsi aparildi.

Regionda gedən prosesler də əsas müzakirə mövzularından biri oldu. Biz Ukraynadakı vəziyyəti, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə olan təhlükəni, Qarabağ mövzüsünü, bütövlükdə Azərbaycan xalqı üçün aktual olan məsələləri müzakirə etdik.

Görüşdə xüsusi olaraq vurğuladıq ki, təəssüf ki, Avropa Şurası Azərbaycanda müəyyən mənada ona olan etimadı itirib. Xüsusilə siyasi məhbuslar mövzusuna biganə münasibətinə görə. Bildirdik ki, Azərbaycan cəmiyyətinin Avropa Birliyinə ciddi ümidləri var, cəmiyyətimizin Avropaya inteqrasiya meylləri hələ də çox güclüdür və biz bu meylləri dəstəkləyirik. Ona görə də çox istərdik ki, Azərbaycan cəmiyyəti Avropa Birliyindən məyus olmasin. Avropa təşkilatlarının Azərbaycanda insan haqlarına, demokratik dəyişikliklərə daha diqqətli yanaşmalı olduğunu vurğuladıq”.

Müsavat başqanı İsa Qəmbərdən görüş təəssüratlarını musava.com-a açıqlayıb:

- İsa bəy, Avropanın aparıcı dövlətinin başçısının Azərbaycan müxalifəti ilə ayrıca görüş keçirməsini necə dəyərləndirirsiniz? Görüşlə bağlı nə deyə bilərsiniz?

- Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlətin prezidentinin Azərbaycanda siyasi partiya liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirtməsi Azərbaycanın demokratik qüvvələrinə, müxalifətə çox böyük önəm verilməsinin təzahürü kimi qiymətləndirilə bilər.

- Bu görüşdə müzakirə olunan məsələlər, mesajlar barədə nə deyə bilərsiniz?

- Bütün ənənəvi mövzular var, insan haqları, demokratiyanın inkişaf səviyyəsi, seçkilərin saxtalaşdırılması ilə bağlı, siyasi məhbus mövzusu və eyni zamanda Rusiyanın ekspansionist siyasəti nəticəsində son dövrdə yaranmış vəziyyət və təhlükələr, təhdidlərlə bağlı danışdıq. Azərbaycanın Avroatlantik məkana inteqrasiya meylliliyi, bizim mövqeyimiz barədə fikir mübadiləsi oldu. Eyni zamanda Qarabağ məsələsinin həlli ilə bağlı mövqeyimizi izah etdik, məsələnin ədalətli həllinə dəstək verilməsinin də önəmini qeyd etdik.

- Fransa prezidenti ilə görüşün məntiqi nəticəsi olaraq nə gözləyirsiniz?

- Hesab edirəm ki, bu, beynəlxalq birliyin Azərbaycandakı demokratik qüvvələrə, siyasi müxalifətə diqqətinin mesajıdır və o mesaj həm də hakimiyyətə və cəmiyyətə verilib. Bu, demokratik qüvvələrə, seçkilərə və müzakirə olunan digər məsələlərə diqqətin artacağından xəbər verir.

- Bundan sonra həbsdə olanların əfvi ilə bağlı gözləntiniz daha böyükdür, yoxsa həbs və təqib dalğası Ollandın səfərindən sonra yenidən vüsət ala bilər?

- Bu məsələ Fransa prezidentinin keçirdiyi mətbuat konfransındakı suallarda da səslənib. O da bu məsələyə münasibətini bildirib. Təbii ki, bu məsələyə diqqət artacaq. Ancaq bunun nə şəkildə olacağı ilə bağlı bir söz demək çətindir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol