Menu

"İŞ VERDİ, ARVAD DA SAKİTLƏŞDİ..." - “RABİTƏ İŞİ”

06.01.2017, 12:50

vidadi zeynalov beytulla huseynov rabite nazirliyi azpolitika azerpoct aztelekomVidadi Zeynalov: "Yəqin bura gələndə həyəcandan səhv deyirlər"

Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin ifadə verməsi ilə davam etdirilib.

İlk şahid Həsənov İlqar olub. O, "P.L.Z" MMC-də direktor vəzigəsində çalışıb. Adı çəkilən MMC nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalovun övladlarının adınadır. 

Şahid İlqar Həsənov istintaqa ifadə verdiyini, ancaq indi istintaqa ifadəsini xatırlamadığını deyib. O, bunun səbəbini yaddaşında problemlərin yaranması ilə izah edib.

Digər şahid Səfərov Bəhram 2011-dən "Azerpoçt" MMC-nin Sumqayıt şöbəsində çalışdığını, 2015-ci ildə işdən çıxdığını deyib. O, istintaqa ifafəsini təsdiqlədiyini deyib.

Növbəti şahid Rəşadət Gərəyzadə təqsirləndirilən şəxslərdən “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevi tanıdığını deyib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə işləyən bir çox MMC-lərdə müxtəlif vəzifələrdə çalışdığını deyən R.Gərayzadə nazirlik tərəfindən verilən sifarişlərin icrası zamanı görülən işlərin 35 faizə qədər şişirdildiyini söyləyib.

"Optik qurğular" idarəsinin rəisi Namazalı Məmmədovun bibisi oğlu şahid Həsən Alıyev deyib ki, rabitə sahəsində görülən işlərlə bağlı qohumuna məxsus şirkətlərdə çalışıb. O, istinraqa verdiyi ifafəsini təsdiq edib.

Tərtər rayon poçt filialının rəisi Emin Qurbanov da şahid kimi məhkəməyə gətirilib. O da istintaqa ifadəsini təsdiq etdiyini söyləyib.

Biləsuvar rayon poçt filialının direktoru Ramil Ağayev də ifadəsində istintaqa dediklərini təsdiqləyib.

Alzamanov Azər həbs edilənlərdən "Optik qurğular" idarəsinin rəisi Namazəli Məmmədovun yanında mühəndis olaraq çalışdığını deyib.O, istintaqa ifadəsini təsdiqlədiyini və həbs edilən şəxslərin yaxşı rabitəçilər olduğunu söyləyib: "Bunlar rabitə sahəsinin qaymaqlarıdır. İndi bilməyib gəlib bura düşüblər. Allah Namazəli müəllimin canını sağ eləsin. 6-7 ay idi işsiz idim. Arvadla dalaşırdıq işsizlikdən. Namazəli müəllim iş verdi, gedib onun yanında işlədim. Mənim də başım dincəldi, arvad da sakitləşdi. İndi namaz qılıb, dua edirəm ki, Namazəli müəllim həbsdən çıxsın, gedim onun yanında işləyim".

Hakim şahidin dediklərinə belə cavab verib: "Deyəsən, yenə arvaddan boşanmaq təhlükəsi var".

Prokurorun sualına cavab verən Azər Alzamanov istintaqda çalışdığı idarədə görülən işlərə görə 600 min manatdan çox dəyəri olan müqaviləyə  imza atmasını belə izah edib: "Bəli, imzalamışam. Namazəli müəllim dedi ki, gözün kordur? Mən də imzalamışam. Təsdiqləyirəm".

Şahid Cabir Rəsulov ifadə verərkən onun istintaqa dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olub. “AzEurotel” MMC-nin direktoru olan C.Rəsulov istintaqa deyib ki, “AzEurotel” MMC-nin səhmlərinin 50 faizi əvvəllər “Lukoil Europe” şirkətinə, qalan 50 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus idi. Lakin sonradan “Lukoil Europe” öhdəliklərini yerinə yetirə bilmədiyinə görə payından nazirliyin xeyrinə imtina edib.

O, ifafəsində deyib ki, Beytulla Hüseynov BTRİB-in 800 min manatını  “AzEvrotel” MMC-nin inzibati binasında kondisionerlərin quraşdırılması adı altında mənimsəyib. Rəsulovun dediyinə görə, sənədlərdə guya binanın bütün kondisioner sisteminin yenilənməsi əksini tapmışdı. Əslində isə heç bir kondisioner-filan quraşdırılmayıb, B.Hüseynov görülməmiş “İşlərə” görə 800 min manatı nazirliyin aparat rəhbəri Vidadi Zeynalova bağlı olan “P.L.Z” MMC-nin hesabına köçürüb, daha sonra oradan nəğdləşdirərək götürüb. 

Ancaq şahid məhkəmədə dediklərini təkzib edərək, kondisionerlərin quraşdırıldığını deyib. Şahidin dedikləri ilə bağlı sabiq aparat rəhbəri Vidadi Zeynalov danışıb: "Yəqin bura gələndə həyəcandan səhv deyirlər. Şahid andı içib, sənədə qol çəkəndə həyəcanlanırlar. Amma işlərin hamısı görülüb. Hələ deyiləndən də artıq iş görülüb, pul xərclənib".

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol