Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciət edərək səlahiyyətlərinin əhəmiyyətli hissəsini parlamentə və hökumətə ötürdüyünü deyib. O bildirib ki, güclü prezident üsuli-idarəsi ölkənin inkişafa başladığı, ayağa qalxmağa çalışdığı dövrdə lazım idi.
Bu islahatlarla bağlı Nazarbayev referendumun keçirilməsi ilə bağlı fərman imzaladığını qeyd edib.
Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev xüsusi müraciətlə çıxış edəcək. Nazarbayevin prezident səlahiyyətlərindən imtina edəcəyi və ölkənin bundan sonra parlament respublikası olacağını elan edəcəyi gözlənilir.
***
Qazaxıstanda hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə bağlı islahatlara başlanılacaq. APA-nın xəbərinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevvideo müraciəti zamanı prezidentin bəzi səlahiyyətlərinin parlamentə və hökumətə verilməsini təklif edib.
Onun sözlərinə görə, hakimiyyət qollarının səlahiyyət bölgüsü ilə bağlı islahatlar aparılacaq. “Bundan sonra prezident hakimiyyət qolları arasında ali arbitr rolu oynayacaq. Ölkə başçısı bundan sonra əsasən milli təhlükəsizlik, xarici siyasət kimi məsələlərə diqqət yetirəcək. Hökumət və parlamentin rolu yetərincə güclənəcək. Səlahiyyətlərin bir hissəsi hökumətə və digər icra strukturlara veriləcək”, - deyə o bildirib.
N. Nazarbayev bildirib ki, söhbət 40-dək səlahiyyətin hökumət və parlamentə verilməsindən gedir. Onun sözlərinə görə, parlament seçkilərində qalib gələn partiya hökumətin formalaşmasında əsas sözə sahib olacaq.
Bütün bu məsələlər ümumxalq referendumuna çıxarılacaq.

Şərhlər