«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyasının hazırladığı fərmanlar bir sıra beynəlxalq təşkilatların, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ tərəfindən maliyyələşdirilməsinin məhdudlaşdırılmasını nəzərdə tutur.
«New York Times» qəzetinin dərc etdiyi son məlumatlarda deyilir ki, Tramp birdəfəyə onlarla beynəlxalq təşkilata maliyyə boykotu elan etmək niyyətindədir.
Qəzet aydınlaşdırıb ki, Ağ Evin yeni administrasiyası tərəfindən hazırlanmış fərmanlar, məsələn, abort praktikasını və İrana, Şimali Koreyaya qarşı sanksiya rejimlərini dəstəkləyən birliklərin maliyyələşdirilməsini tamamilə qadağan etməyi nəzərdə tutur. Fələstin muxtariyyəti administrasiyasının iştirakçı qismində daxil olduğu təşkilatlar da bu sıraya daxildir.
Digər beynəlxalq təşkilatlar, o cümlədən, BMT üçün pul axınlarının həcminin azı 40 faiz ixtisar edilməsi təklif olunur.
Ekspertlər qeyd edirlər ki, əgər fərman(lar) həyata keçirilsə, bu, BMT-nin bir neçə bölməsinin işinə ciddi təsir göstərəcək.
Trampın bir təşəbbüsü də ABŞ-ı, milli təhlükəsizliyin, ticarətin və cinayətkarların ekstradisiyasının təmin edilməsi ilə əlaqəli olmayan beynəlxalq müqavilələrə yenidən baxmağa səsləyir. Beləliklə, Uşaqların hüquqları və qadınlara yönəlik diskriminasiya haqqında Konvensiya da təkrar qiymətləndirmə zərurəti altına düşür.
ABŞ Prezidenti həm də ölkəyə qaçqınların qəbulu prosesini 4 ay müddətinə dayandırmaq və suriyalılar üçün ölkəyə girişi tamamilə bağlamaq niyyətindədir.
Redaksiyadan: Bütün bunlar açıq-aydın göstərir ki, onilliklər boyu dünyanın hər yerində «zəhərli sıyıq» bişirməklə məşğul olmuş ABŞ adlı dövlət, indi bu «sıyıq»ı dadmaqdan, onun doğurduğu və doğuracağı dəhşətli nəticələrin aradan qaldırılmasından boyun qaçırır. Şübhəsizdir ki, ABŞ-ın nəhəng xarici borcu bu ölkənin məsuliyyətsiz siyasətçilərini atıq qorxuya salmaqdadır…


Şərhlər