Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının Ukraynada təqdimat mərasimi keçiriləcək. Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Modern.az-a açıqlamasında bu haqda danışıb.
O deyib ki, “Böyüməyən uşaqlar" kitabı Ukrayna dilinə tərcümə olunaraq, 1000 tirajla çap edilib.
“Fevralın 21-də “Böyüməyən uşaqlar” kitabının təqdimatı Xarkov şəhərində baş tutacaq. Daha sonra isə ayın 23-də kitabın təqdimetmə mərasimi Kiyevdə təşkil olunacaq. Kitabın təqdimat mərasimində iştirak etmək üçün Azərbaycanın Ukraynadakı səfirliyi, diaspor nümayəndələri və digər rəsmi şəxslər də qatılacaq”.
Qeyd edək ki, bundan öncə "Böyüməyən uşaqlar" kitabı 1000 tirajla Azərbaycanda çap olunub. Ardınca, ingilis və türk dillərində hər biri 2500 olmaqla Türkiyədə çap edilib. Eyni zamanda 2000 tirajla alman dilində Almaniyada çap olunub.
Rus, fransız və erməni dillərində də çap olunması gözlənilir.
"Böyüməyən uşaqlar" kitabının müəllifi Modern.az saytının rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıdır. Kitab Xocalı faciəsi zamanı hər iki valideynini itirən 25 uşağın acı həyat hekayəsindən bəhs edir.
Qeyd edək ki, bu kitab “Xocalıya ədalət” kampaniyası çərçivəsində QHT Şurasının dəstəyi ilə bir neçə dilə tərcümə olunub.
Eyni zamanda, Milli Məclisin deputatları Fuad Muradov, Cavanşir Feyziyev, Rövşən Rzayev və Qarabağ icmasının rəhbəri Bayram Səfərov bu layihəyə ciddi dəstək veriblər.



Şərhlər