Ukraynada cərəyan edən hadisələr, eyni zamanda Ukrayna-Rusiya, Qərb-Rusiya qarşıdurması dünya KİV-lərinin gündəmindəki əsas mövzulardan biri olaraq qalmaqdadır. Bu gün də nüfuzlu Qərb qəzetlərində bu mövzulara həsr olunmuş maraqlı analitik məqalələr dərc olunub. “Azpolitika.info” onlardan bəzilərinin xülasəsini təqdim edir.
“Qərb arzuları məhv etdi” - “The Guardian” (Böyük Britaniya)
“Ukraynadakı böhran Viktor Yanukoviçin fevral ayındakı qaçışı ilə deyil, ölkənin 1991-ci il müstəqillik əldə etdiyi vaxtdan başlayıb. Kommunizmdən qurtulmağa cəhd edən özəlləşdirmə tərəfdarları dövlət maliyyə aktiv və mülkiyyətini sürətlə satışa çıxardılar. Onlar bu aktivlərin kimin əlinə keçəcəyindən narahat olmurdular və sadəcə olaraq, belə fikirləşirdilər ki, özəl mülkiyyətin yaranması vacib məsələdir. Belə güman edirdilər ki, bu cür yolla qanunların hökm sürdüyü stabil cəmiyyət formalaşacaq. Məhz Qərb bu arzuları məhv etdi. Ukrayna mülkiyyətinin sahibləri öz maliyyə aktivlərini Avstriya, Karib hövzəsi və digər offşorlara keçirdilər. Onlar Qərbdəki mülkiyyət hüququndan istifadə etdilər və Ukraynada baş alıb gedən xaosdan gəlir götürməyə başladılar. Nəticədə isə ölkədəki ümumi vəziyyət özələşdirmə tərəfdarlarının hesablarının yanlış və baş-ayaq olduğunu əyani sübut etdi.”
“Kremlin məqsədləri əvvəlki kimidir” - “Slate.fr” (Fransa)
“Kreml əvvəlki məqsədi istiqamətində irəliləyir. O, elə etmək istəyir ki, rusdilli şərq regionlarına xarici dövlətlərlə də əlaqə qurula biləcək şəkildə geniş muxtariyyat verilsin. Yəni, daha doğrusu Rusiya ilə. Beləliklə də Moskva “federallaşma”vasitəsilə Ukrayna hökumətini zəiflətmək istəyir. Kiyev hakimiyyəti isə federallaşma əvəzinə mərkəzi hökumətin səlahiyyətlərinin bir hissəsinin regionlara verilməsini təklif edir.”
“Avropa Birliyi Ukrayna üçün nə edib?” - “Polska Zbrojna” (Polşa)
“Düşünməyə dəyər ki, görəsən əsl həqiqətdə Avropa Birliyi Ukraynada hansı rolu oynamaq istəyir. Ukraynanın müvəqqəti hökuməti və cəmiyyətin böyük əksəriyyəti Avropanın müdafiə və yardımına böyük ümüd bəsləyirdilər. AB-nə daxil olmaq istəyən Ukraynanın “rus əsarətinə” qarşı mübarizəsində Qərb tərəfindən yalnız buraxılmayacağı ümüdləri tədricən zəifləyir. Reallıq tamamilə başqadır. AB ukraynalıların romantik duyğulara söykənən ideyalarını nəinki doğrultmadı, hətta gələcək üçün doğru-düzgün və aydın bir mövqe də formalaşdıra bilmədi.”
“Rusiya və Çin yeni dünya qururlar” - “Le Figaro” (Fransa)

“Mərkəzi Avropa Qatara ümid edir” - “LS blog” (İtaliya)
“Mərkəzi Avropa ölkələri Putin Rusiyasından enerji asılılığını azaltmaqdan ötrü Qatar, Norveç, Misir və ABŞ-dan sıxılmış qaz almaq niyyətindədir. Macarıstan prezidenti Yanoş Ader bəyan edib ki, ”Vışeqrad dördlüyü” adlanan ölkələr (Polşa, Macarıstan, Çexiya və Slovakiya) Rusiyadan ixrac edilən mavi yanacaqdan asılılığı azaltmaq niyyəti ilə Qatardan sıxılmış qaz idxal etmək fikrindədir. Prezident Ader bildirib ki, Qatardan Avropaya ixrac ediləcək qaz rellaşma mərhələsində olan yeni infrastruktur hesabına həyata keçiriləcək. Mavi yanacağın Fars körfəzindən İtaliyaya nəql olunması nəzərdə tutulur.”
Tərcümə etdi: Vaqif Nəsibov


Şərhlər