Menu

Azərbaycanda generalitet bazası yenilənir

23.05.2014, 17:19
Azərbaycanda generalitet bazası yenilənir

Bir neçə gün əvvəl “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəyişdirilməsinə hazırlıq prosesi başlandığı haqda məlumat yaymışdı. Həmin məlumatda Sadıkovun yerinə əsas namizədin hazırda Şəmkir hərbi birləşməsinin komandiri olan general-leytenant Rövşən Əkbərovun olduğu qeyd olunurdu. Eyni zamanda ehtiyatda olan generallar Talıb Məmmədov və Qabil Məmmədovun yenidən Müdafiə Nazirliyi sisteminə qaytarılması barədə danışıqlar getməsi xəbəri də vardı.

Xatırladaq ki, T.Məmmədov uzun illər Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəhbərlik edib, müharibə illərində isə milli ordunun 708-ci briqadasının komandanı olub. Vaxtilə MN-də ən məlumatlı və təcrübəli zabitlərdən biri kimi tanınıb. Lakin 2003-cü ildən başlayaraq MN-in rəhbərliyi ilə aralarında yaranmış bəzi narazılıqlara görə MN mərkəzi aparatından uzaqlaşdırılaraq, əvvəl Pakistan İslam Respublikasındakı səfirlikdə hərbi attaşe vəzifəsinə, daha sonra isə nazirliyin Hərbi-Elmi Mərkəzinə (HEM) aşağı vəzifəyə təyin olunub. General-mayor Qabil Məmmədov isə Bərdə hərbi birləşməsinin komandiri kimi mühüm bir vəzifədən çıxarılaraq əvvəl Qazaxıstandakı səfirlikdə hərbi attaşe, sonra isə MN Hərbi Elm Mərkəzində şöbə rəisi vəzifəsinə təyin olunub. Yaxın günlərdə polkovnik Rüfət Əmirovun da vəzifəsinin artırılması, onun SQ Baş Qərargahında mühüm vəzifəyə gətirilməsi gözlənilir. Xatırladaq ki, Əbiyev dövründə mülki olaraq Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi vəzifəsində çalışmış R.Əmirov bu yaxınlarda müdafiə naziri Z.Həsənovun əmri ilə yenidən hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsində təyin edilib.

Yeni təyinatlar və köhnə kadrların dəyişdirilməsi haqda məlumatlar Azərbaycanda generalitet bazasının yenilənməsi kimi dəyərləndirilir. Müharibəyə hazırlıq getməsi haqda da fikirlər səslənir.

Müdafiə Nazirliyindəki vəziyyəti “Yeni Müsavat”a şərh edən “Doktrina” JHAM rəhbəri Cəsur Sümərinli deyir ki, müdafiə naziri Zakir Həsənov nazirlikdəki idarəçilik böhranını aradan qaldırmaq üçün islahatlar aparır: “Düşünmürəm ki, aparılan kadr islahatları müharibəyə hazırlıqdır. Sadəcə Müdafiə Nazirliyi sistemində böhran yaranıb. Səbəb də rüşvətxorluq və korrupsiyadır. Əgər biz Səfər Əbiyevi ittiham ediriksə, nazirlikdəki nöqsanları deyiriksə, orada münaqişə tərəfi Nəcməddin Sadıkovdur. Mümkündür ki, müdafiə naziri hazırki kadrlarla islahatların həyata keçirilməsinin mümkün olmadığını, rüşvətxor və korrupsioner kadrlarla normal fəaliyyətinin alınmayacağının fərqindədir. Məlumatlar var ki, kadr dəyişklikləri Nəcməddin Sadıkovun iradəsinə uyğun həyata keçirilir. Onun biznes maraqları nəzərə alınır. Nəcməddin Sadıkov qaldıqca orduda aparılan islahatlar ciddi dəyişikliklərə səbəb olmayacaq. Zakir Həsənov da bunu anlayır və prosesə start verilib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol