Orxan Pamuk nədən narazıdır?

Etibar-E-300x300-300x3001-300x3001-300x300Etibar ƏLİYEV

ABŞ-da yaşayan türk yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamuk Rusiyanın TASS agentliyinə açıqlamasında İsveç Akademiyasının Bob Dilanı ədəbiyyat üzrə Nobel mükafatına layiq görməsi haqda qərarını tənqid edib. O, deyib: “Dünyada bu mükafata layiq olan o qədər amerikalı yazıçı var ki… Bob Dilan görkəmli insandır, o, mahnılar bəstələyir, mahnıların sözlərini, şeirlər yazır. Amma Bob Dilan sırf ədəbi istedadı ilə məşhurlaşmış bir insan deyil. Düşünürəm ki, ona Nobel mükafatının verildiyi elan olunanda bir çox yazıçı incidi. Bundan əvvəlki il isə mükafatı jurnalist qadın almışdı. Əlbəttə, münsiflərin mübahisəli qərarlar qəbul etmək hüququ var”.

Xatırlatmaq istəyirəm ki, Ədəbiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il “ideal yönümlü” əsər yaratmış sənətkara təqdim olunur. Yəni yaradıcılığında məhdud praqmatik dəyərləri deyil, universal dəyərləri ifadə edən əsərlərə görə verilir. Elə bu səbəbdən bir çox hallarda yanlışlıqlar baş verir. Nobel Komitəsi təkcə Bob Dilan məsələsində səhvə yol verib? Əlbəttə ki, Ceyms Coysa, Nazim Hikmətə, Marsel Prusta, Vladimir Mayakovskiyə, Frans Kafkaya, Xorxe Lyuis Borxesə mükafatın verilməməsi xeyli suallar doğurur. Borxesin yazıçı Boy Kasareslə 1958 -ci ildə apardığı söhbətdən:

Borxes: Xuan Ximenesə Nobel mükafatı verildi.

Kasares: Bu, Stokholm üçün böyük biabırçılıqdır.

Borxes: Mükafatı əvvəl Qabriela Mistrala, sonra isə Ximenesə verdilər. Mükafat verməkdənsə dinamiti kəşf etməklə kifayətlənsəydilər daha yaxşi olardı.

Kasares: Ximenes Mistraldan yaxşıdır. Onun pis şerləri də var, yaxşı şeirləri də. Mistral isə bir dənə də olsun yaxşı şeir yazmayıb.

Göründüyü kimi iki böyük sənətkar mükafatın verilməsindən narazı qalıblar.

Ancaq buna baxmayaraq Ədəbiyyat üzrə Nobel mükafatı Heminquey, Folkner, Tomas Mann, Con Steynbeq, Pablo Neruda, Joze Saramaqo, Brodski, Çeslav Miloş, Elias Kanneti və s. kimi görkəmli yazıçı və şairlərə verilib.

Mütəxəssislərin fikrincə Nobel Komitəsi Bob Dilandan əvvəl Karduççi, Eyken, Hellerup, Karlfeld, Perl Bak, Sillanpya, Yohanes Yensen, Nelli Zaks kimi yazıçıları mükafata layiq görməklə səhvlərə yol vermişdi.

Orxan Pamuk böyük yazıçıdır. Və birmənalı olaraq Nobelə layiqdir. Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, Nobelə layiq görülmüş yazıçı və şairlərin Nobel nitqləri böyük aktuallıq kəsb edir və tarixə düşür.

Pamuk bu möhtəşəm mükafata layiq görüləndə düşünürdük ki, yüksək tribunadan səsləndirdiyi Nobel nitqində türk dünyasının qarşılaşdığı problemlərin heç olmasa bir neçəsinin adını çəkəcək. Həm də bununla o, əvvəlki hərəkətlərinə bəraət qazandıra bilərdi.

Onun nitqindən:“Ölümündən iki il öncə atam şəxsi yazıları, əlyazmaları və dəftərlərilə dolu kiçik bir çamadan verdi mənə. Hər zamankı zarafatçıl, alayçı təbiətinə sadiq qalaraq özündən, yəni ölümündən sonra onları oxumamı istədiyini söylədi. Atamın böyük bir kitabxanası vardı. Gəncliyində, 1940-cı illərin sonunda, İstanbulda şair olmaq istəmiş, Valerini türkcəyə çevirmiş, amma oxucusu az, yoxsul bir ölkədə şeir yazıb ədəbi həyatın çətinliklərini yaşamaq istəməmişdi. Babam zəngin iş adamı olduğundan, atam rahat bir uşaqlıq və gənclik keçirmişdi, ədəbiyyat üçün, yazı üçün çətinlik çəkmək istəmirdi”.

Onun nitqi keçdiyi həyat yoluna həsr olunub və böyük məna kəsb etmir.

Pamukdan bir il əvvəl, 2005-ci ildə Nobel mükafatına layiq görülmüş ingilis dramaturqu, yəhudi əsilli Harold Pinterin Nobel nitqindən: “İraqa hücüm banditizm aktıdır. Açıq-aşkar dövləti terrordur. İraqa hücum ardıcıl yalanlara əsaslanan, ictimai rəyi biabırçı manipulyasiya edən istibdad, hərbi əməliyyatdır. Burada məqsəd Yaxın Şərqə hərbi və iqtisadi nəzarəti gücləndirməkdir. Neçə nəfəri öldürmək lazımdır ki, sizin cinayətiniz “kütləvi qırğın” kimi təsnifatlandırılsın? Və siz hərbi cinayətkar adlandırılasınız? Yüz min? Mənə belə gəlir ki, bu normadan çoxdur. Ədalət tələb edir ki, Buş və Bleyer BMT-nın Beynəlxalq Məhkəməsi qarşısında dayansınlar. Lakin Buş axmaq deyil. O, BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya etməyib. Hətta xəbərdarlıq edib ki, hansısa Amerika əsgəri, yaxud siyasətçisi məhkəmə qarşısında dayanmalı olsa, oraya dəniz piyada qoşunu göndərəcək. Lakin Bleyer BMT-nin Beynəlxalq Məhkəməsini ratifikasiya edib. Buna görə də onun məhkəmə təqibi əlverişlidir. Əgər hakimlər üçün maraqlıdırsa, mən onun ünvanını göstərə bilərəm. London Dauninq-strit, ev 10.

Müharibə başlayanda Britaniya qəzetlərinin birində Bleyerin iraqlı körpəni qucağına alıb, üzündən öpməsi şəkli yer almışdı. Bir neçə gün sonra isə həmin qəzetdə evlərinə mərmi düşməsi nəticəsində iki qolunu itirmiş uşaq şəkli adamı dəhşətə gətirirdi. Məhv olmuş ailədən sağ qalan bu uşaq bizə “mənim nə vaxt qələmim olacaq”- sualını verir. Bu körpəni Bleyer qucağına götürmür, ona nəvaziş göstərmir, çünki qalstuku və köynəyi qana bulaşar”.

Yazıçının ictimai məsuliyyəti çox önəmlidir. Bob Dilanın Nobel nitqi ilə tanış deyiləm. Ancaq mənə görə Harold Pinter Orxan Pamukdan həm böyük yazıçı, həm də böyük şəxsiyyətdir. 

Allah Pinterə rəhmət eləsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar