HANSI XARAKTERLƏ TÜRKÜK?

Etibar EliyevEtibar Əliyev, təhsil eksperti

Lev Qumilyov yazır: “Bütün insanlar hansısa dildə danışırlar. Bunu mənə akademik A.Freyman dedi: ona görə də fransızca danışanlar fransız, ingiliscə danışanlar ingilis, fars dilində danışanlar farslardır. Dedim yaxşı: mənim doğma anam (şairə Anna Axmatovanı nəzərdə tutur - müəllif) 6 yaşına qədər fransızca danışıb. Rusca danışmağı və yazmağı sonradan öyrənib. Yəni o, bundan sonra fransız yox, rus şairəsi olub. Onda belə çıxır ki, o, 6 yaşına qədər fransız olub? İkinci misal irlandlar 200 il ərzində öz dillərini unudub, ingilis dilində danışıblar. Sonra İngiltərədən ayrılıblar. Dili mühakimə etsək, onlar 200 il ingilis olublar?

Başqa bir sual qoyaq: etnos probleminin praktik mahiyyəti varmi? Əgər bizə ingilis alimi qonaq gəlibsə, biz dərhal hiss edəcəyik ki, o, bizdən fərqlidir, yad adamdır. Onun rus dilində danışmasına, fərqli geyimdə olmasına baxmayaraq, bu, belədir. Xarici fərqlilik gizlənəndə etnik mənsubiyyət şübhələr yaradır. Məsələn, tramvayda eyni geyimli və rus dilində yaxşı danışan 4 nəfər yol gedir. Fərz edək ki, onlardan biri rus, digərləri qafqazlı, tatar və latışdır. Bunlar arasında fərq var, ya yoxdur? Mənim opponentlərimdən biri dedi ki, onların arasında milli zəmində hansısa münaqişə baş verməsə, hansı millətə xas olmaları bilinməyəcək. Razılaşmadım. Burda hansısa milli münaqişədən söhbət gedə bilməz. İstənilən hadisə bu insanlarda müxtəlif reaksiya, yaxud müxtəlif davranış stereotipi yarada bilər. Fərz edək ki, dayanacaqların birində sərxoş bir nəfər tramvaya daxil olub, xuliqanlıq etməyə başlayır. Nə baş verəcək? Rus təəssübkeşlik edib deyəcək: “Tez düş, neçə ki, səni aparmayıblar”. Qafqazlı dözməyib onu vuracaq. Tatar, bütün ehtimallara görə, kənara çəkilib görməməzliyə qoyacaq özünü. Qərb adamı isə polisə müraciət edəcək”.

Biz də irlandlar kimi uzun illər əsarətdə olmuşuq. Rusca danışa bilənlər irəli çəkilib. Türk olduğunu deyənlərə pantürkist damğası vurub güllələyiblər. Müstəqillikdən sonra türk olduğumuzu deməyimizə baxmayaraq, hələ də bunu mənsubiyyət kimi qərarlaşdırmamışıq.

Biz türkük. Bəs biz türk olmağımızı necə büruzə veririk? Əlamətlər nədən ibarətdir?

Böyük Hötenin almanlar haqqında məşhur aforizmi yada düşdü: “Xarakterin varsa, demək, almansan”. Elə bu səbəbdən onlar Henrix Heyneni Novalis kimi alman şairi adlandırırlar. Hötenin bu aforizmini türklərə (bizə) də aid etmək olar.

Bayrağa münasibətdə oxşarlıq varmı? Məncə, yox.

Universitet qurmaqda oxşarlıq varmı? Məncə, yox.

Hüquq məsələlərində oxşarlıq varmı? Məncə, yox.

Səhiyyəmiz uyğun gəlirmi? Məncə, yox.

Orta təhsil sistemimiz uyğun gəlirmi? Məncə, yox.

Yaxşı, əsl türk olmaq üçün bunları türk qardaşlarımızdan niyə əxz etmirik? Kitaba, oxumağa münasibətdə oxşarlığımız varmı? Məncə, yox.

ATV-nin “Səhər” verilişinin aparıcısı Turan İbrahimli Arif Rəhimzadəni qalmaqal yaratmış fikrinə görə “yıxıb-sürüdü”. Adama deyərlər, sən niyə? Sənin türk olmağın nədə görünüb? Ümumiyyətlə, Turan təfəkkürlü adamlara efiri qadağan etmək lazımdır. Bu adamın məsələlərə öz yorumu var, amma savadsız.

Əgər xarakter yoxdursa, kim olursan ol. ATV-nin əməkdaşı orta məktəbə hücum çəkib bir məktəb direktorunu əsəbiləşdirib, öldürdü. Xəcalət də çəkmədilər. Hansı xarakteriniz buna yol verirdi? Türk olmağınız bunun qarşısını niyə almadı? Bu televiziya araq reklam etməyə görə “Ginnesin” rekordlar kitabına düşə bilər.

Gördünüzmü ki, məsələ nə yerdədir. Kimsə bir söz atacaq, bunlar da növbəyə durub, türklük harayı verəcək. Bəs çağdaş dünyaya yaraşan türk əməli, türk xarakteri hanı? Məsələ budur!

Böyük alman tarixçisi Karl Meyneke millətləri iki yerə bölür: siyasi və mədəni millətlər. Biz siyasəti mədəniyyətin içində əritməsək, vahid etnos kimi güclənə bilməyəcəyik. Bizim yeni və müasir birgəyaşayış mədəniyyətimiz, siyasi və hüquqi mədəniyyətimiz olmasa, bu söhbətlər heç bir nəticə vermədən uzun illər davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar