Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Əlahiddə Çevik Polis Alayının (ƏÇPA) 45 yaşa çatan əməkdaşlarının "AzPolitika" saytı vasitəsilə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova müraciətinə reaksiya verib. E.Zahidov "AzPolitika"ya göndərdiyi yazılı açıqlamasında bildirir:
- Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Əlahiddə Çevik Polis Alayının adını açıqlamayan bir əməkdaşı "Azpoltika.info" internet portalı vasitəsi ilə DİN rəhbərliyinə müraciət edərək bildirib ki, onun və digər bir neçə nəfər iş yoldaşının 45 yaşları tamam olan kimi fəaliyyətlərini başqa xidmət sahələrində davam etdirməli olduqları barədə Alay rəhbərliyindən xəbərdarlıq alıblar. Anonim müəllif bunu hansısa maraqlara hesablanmış qanunsuzluq hesab edir.
Baxmayaraq ki, müraciət anonimdir, bununla belə məsələni izah etmək istəyirəm.
Əlahiddə Çevik Polis Alayı ictimai-siyasi, mədəni və digər kütləvi tədbirlər zamanı ictimai qaydanı qoruyan, ictimai təhlükəsizliyi təmin edən, müəyyən edilmiş ərazilərdə post-patrul xidmətini həyata keçirən, xüsusi əməliyyatlarda, insanların xilas edilməsi üzrə təxirəsalınmaz tədbirlərdə, ağır və irimiqyaslı qəzaların, yanğınların, təbii fəlakətlərin və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən xüsusi təyinatlı nizami polis hissəsidir.
Buradan aydın görünür ki, bu Alayda xidmət şərəfli olduğu qədər, həm də çətindir. Yəni, burada xidmət edən hər bir əməkdaşdan qarşıya qoyulan vəzifələrin icrası zamanı yüksək fiziki və mənəvi-psixoloji hazırlıq tələb olunur. Ona görə də DİN tərəfindən təsdiq olunmuş Alayın Əsasnaməsində də qeyd edilir ki, qarşıya qoyulan vəzifələrin icrasının yüksək fiziki və əsəbi gərginliklə bağlı olması ilə əlaqədar Alayın kiçik rəis heyətindən (yəni serjantlar) olan əməkdaşları 45 yaşa çatdıqda, onların vəzifə maaşları saxlanılmaqla (!) digər struktur qurumlara dəyişdirilir.
Göründüyü kimi, Alayın 45 yaşa çatan əməkdaşı əvvəlki miqdarda əməkhaqqı almaqla başqa xidmət sahəsində işlə təmin olunur.
Bugünlərdə də Alayın 7 əməkdaşı həmin yaş həddinə çatıb və onlardan artıq 6 nəfəri digər xidmət sahələrində öz xidmətlərini davam etdirməyə başlayıb, 1 nəfər isə könüllü olaraq təqaüdə gedib.
Bir daha qeyd edirəm ki, Alay rəhbərliyinin belə xəbərdarlığı tam qanunidir və bu, əldə rəhbər tutulan Əsasnamənin tələblərinə uyğundur.
****
Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayının (ÇPA) bir qrup əməkdaşı qeyri-qanuni olaraq, alaydan uzaqlaşdırılır. Bunlar, 45 yaşına çatmış əməkdaşlardır. ÇPA-dan uzaqlaşdırılacağı barədə xəbərdarlıq almış əməkdaşlardan biri "AzPolitika" vasitəsilə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova müraciət edərək, bu qanunsuzluğun qarşısının alınmasını xahiş edib.
"Bizə DİN-in digər bölmələrində özümüzə iş tapmaqla bağlı xəbərdarlıq olunub. Guya, 45 yaşına çatmış əməkdaşların digər bölmələrə keçirilməsilə bağlı tapşırıq cənab nazir tərəfindən verilib. Amma biz buna qətiyyən inanmırıq. Ona görə də şikayətimizi şəxsən cənab nazirə çatdırmaq üçün onun qəbuluna düşməyə cəhd etdik. Lakin buna imkan vermədilər. Bu səbəbdən məcburuq mətbuat vasitəsilə səsimizi çatdıraq ki, cənab nazir ÇPA rəhbərliyinin hansısa maraqlara hesablanmış bu qanunsuzluğuna imkan verməsin" - deyə, məlum səbəbdən adının çəkilməsini istəməyən mənbə əməkdaşımıza bildirib.
İşini itirmək təhlükəsilə üzləşmiş ÇPA əməkdaşı onu da bildirib ki, DİN-in bu bölməsində əməkhaqqı bir qədər yüksək olduğundan bu, gələcəkdə alacaqları pensiyaya da təsir edir: "45 yaşına çatmış əməkdaşların əksəriyyətinin pensiya vaxtına az müddət qalır. Yəni onsuz da qısa müddətdən sonra hamımız pensiyaya çıxacağıq. Üstəlik, hazırda ÇPA-da 36 vakant yer var. Başa düşə bilmirik ki, bizi burdan niyə uzaqlaşdırmaq istəyirlər. Fiziki durumumuz da keyfiyyətli xidmət aparmağa tam imkan verir. Çox ümidliyik ki, cənab nazir bu qanunsuzluğa imkan verməyəcək. Bizim uzun illərdir ÇPA-da vicdanla apardığımız xidmətin belə qanqaraçılıqla bitməsilə razılaşmayacaq".
"AzPolitika"nın yaranmış narazılıqla bağlı ÇPA rəhbərliyinin mövqeyini öyrənmək cəhdi baş tutmayıb.
V.Nəsibov


Şərhlər