AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Venesuelanın parlamenti ölkə Prezidenti Nikolas Maduronu dövlət sevrilişində ittiham edib.
Parlamentdə bəyan ediblər ki, Ali məhkəmənin, müxalifətin nəzarəti altında olan Milli assambleyanın mövqelərini zəiflədən son qərarı əslində, ölkədə diktaturanın bərqərar edilməsinə xidmət göstərir. Odur ki, Milli assambleya Ali məhkəmənin bu qərarı ilə qəti şəkildə razı deyil və hesab edir ki, qərar ölkə Konstitusiyası ilə əkslik təşkil edir. Bu barədə bəyanatı parlmentin sədri Xulio Borxes səsləndirib.
Bundan əvvəl Ali məhkəmə Prezident Nikolas Maduroya, faktiki olaraq parlamentdən yan keçməklə, təkbaşına fəaliyyət göstərmək imkanı yaradan qərar çıxarmışdı. Məhkəmə həm də bəyan etmişdi ki, ölkədə məhkəmə hakimiyyətinə «hörmətsizlik mühiti» hökm sürdükcə, o, ali qanunverici orqanın səlahiyyətlərini öz üzərinə götürür.
«Nikolas Maduro Venesuelada dövlət çevrilişi həyata keçirib. Bu iki qərarın (Ali məhkəmənin qərarları - red.) əvvəlkilərlə fərqi ondan ibarətdir ki, onlar Maduroya istədiyi hər cür əməli təkbaşına həyata keçirmək imkanları veriir» - deyə, Borxes bəyan edib.
Parlament sədrinin fikrincə, bu, dövlətin əsas qanunu ilə əkslik təşkil edir və Venesuelada «diktatura»nın qurulması mənasına gəlir. Odur ki, bu anda bütün dünya Venesuelaya kömək etməlidir.
«Konstitusiyanın tələblərini pozan ixtiyari qərarın heç bir qüvvəsi yoxdur» - deyə, Borxes əlavə edib.

Şərhlər