Menu

Rusiya Azərbaycana bu maneəni niyə yaradır?

01.04.2017, 20:02
Rusiya Azərbaycana bu maneəni niyə yaradır?

Son günlərdə Rusiyanın gömrük işçiləri Azərbaycandan gətirilən tonlarla əti və pomidor məhsullarını geri qaytarıblar.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Rusiya gömrükçüləri Azərbaycan məhsullarına qadağanı iki səbəblə izah edirlər:

“Birincisi, guya Türkiyə Azərbaycan üzərindən Rusiya bazarına kənd təsərrüfatı məhsulları, o cümlədən pomidor daşıyır. Məlumdur ki, Rusiya Türkiyə pomidorunun daxili bazara girişinə qadağanı ortadan qaldırmayıb.

İkincisi, guya Azərbaycanın bəzi məhsulları sanitar normalara cavab vermir. Rusiya gömrükçülərinin bu iki izahı həqiqəti əks etdirmir. Ola bilər ki, hansısa biznesmen Türkiyədə yetişdirilən pomidor məhsullarını Azərbaycan üzərindən Rusiyaya keçirmək istəyib. Ancaq bu geniş miqyas almayıb. Tam tərsinə, Azərbaycanda yetişdirilən kənd təssərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasına ehtiyac var. Mütəxəssislər Azərbaycanın kənd təssərrüfatı məhsullarının sanitar normalara uyğun olduğunu bildirirlər.

Məsələ burasındadır ki, Azərbaycan postneft dövrünə keçib, prezident ölkənin enerji satışından asılılığını azaltmağı hədəf qoyub. Bunun üçün qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasına ehtiyac var. Əsas diqqət kənd təsərrüfatı məhsullarına yönəlib. Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ən münbiti Rusiya bazarıdır. Rusiya bunu bilir və Moskva süni maneələrlə Azərbaycanla iqtisadi əlaqələrin artmasına imkan vermir. Halbuki bəzi rusiyalı rəsmilər Azərbaycanın kənd təsərrüfatı məhsullarının başqa ölkələrin eyniadlı məhsullarından keyfiyyətli olduğunu bildirirlər. Bu cür qadağalar Azərbaycanla Dağıstan arasındakı əlaqələrin inkişafına da xidmət etmir”.

Politoloq bildirib ki, Rusiya Türkiyə və Belarusla da eyni cür davranır:

“Belarus Rusiyanın strateji müttəfiqidir, ancaq Rusiya gömrükçüləri uzun müddət Belarusun kənd təsərrüfatı məhsullarının Rusiyaya girişinə qadağa qoydu. Yenə eyni səbəbi göstərdilər, guya Polşa Belarus üzərindən Rusiyaya meyvə məhsulları daşıyır. Tutaq ki, meyvələrin Belarusa məxsus olmadığından şübhələnmək olardı. Ancaq Moskva Belarusun süd məhsullarının da Rusiya bazarına məhdudiyyətlər yaradırdı. Həmin məhsullar isə sırf Belarusa aid idi.

Görünür, Moskva bu yolla Rusiyanın daxili bazarını qorumağa və yerli kənd təsərrüfatı məhsullarının istehsalının artımına çalışır. Ancaq bu cür qadağalar Rusiyanın özünə də zərər verir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol