Menu

“Döyüş Gündəliyi-Talış” sənədli filminin Rusiyada təqdimatı keçirildi - FOTOLAR

14.04.2017, 12:34
“Döyüş Gündəliyi-Talış” sənədli filminin Rusiyada təqdimatı keçirildi - FOTOLAR

Hərbi bloger Tofiq Şahmuradovun “Döyüş Gündəliyi -Talış” sənədli filmi Moskvada təqdim edilib. Təqdimetmə mərasimi filmin yaradıcı heyətinin iştirakı ilə baş tutub. Rusiyada yaşayan soydaşlarımızın dəstəyi ilə keçirilən təqdimetmə mərasimində Moskva, Leninqrad, Samara, Yaroslavl vilayətlərindən 130 nəfərdən çox soydaşımız iştirak edib.

Qarabağ savaşında şəhid olmuş əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimini jurnalist Anar Həsənov açdı. Tədbirin təşəbbüskarı olan tanınmış jurnalist salamlama nitqində filmin niyə Moskvada keçrilməsini Rusiyadakı icmamızın bu kimi mövzuda tədbirlərə ehtiyac duyması və bu sahədə illərlə müşahidə olunan boşluğu doldurmaq niyyəti ilə izah etdi.

Onun fikrincə, 2016-ci il aprel döyüşlərində əldə edilən hərbi- siyasi uğurlar barədə məlumatlandırma, təbliğat ve düşmən təbliğatına qarşı əks-fəaliyyətində Rusiyadakı diaspor qurumları passivlik göstərmişlər. Jurnalist hesab edir ki, Qələbəmizi şübhə altına almağa cəhd edən erməni təxribatçılarının qarşısını almaq, ölkədən kənardakı soydaşları məlumatlandırmaq, birləşdirmək və Azərbaycan Ordusuna diqqəti artırmaq niyyətilə bu kimi tədbirləri daha çox keçirmək lazımdır. Bu məqsədlə Anar Həsənov icma üzvlərinə Rusiyanın bütün şəhərlərində Qarabağ həqiqətləri ilə bağlı mühazirələrin, görüşlərin, film təqdimetmələrinin ictimai işdə ön sıraya çəkməyi zəruri hesab etdiyini bildirdi və toplaşanları “Döyüş gündəliyi-Talış” filminə baxmağa dəvət etdi.

25 illik Qarabağ savaşının dönüş nöqtəsi olan Aprel döyüşlərində geri alınan ərazilərimizin həvəskar fotoobyektivindən görüntülənən kadrlarını salona yığışan Moskva Azərbaycan icmasının nümayəndələri gözyaşı və sevincqarışıq qürur hissi ilə izlədilər.

“Döyüş Gündəliyi-Talış” Azərbaycan Silahlı Qüvvələrinin 2016 cı ilin aprel ayında Ağdərə istiqamətindəki əkshücüm əməliyyatlarından bəhs edir. Müəllif, erməni işğalçılarından təmizlənmiş 6 mühüm yüksəklik, o cümlədən, düşmənin 21 möhkəmləndirilmiş hərbi postlarını göstərərək, Azərbaycan silahlı qüvvələrinin bu hərbi məntəqələri necə ələ keçirdiyini nəql edir. Filmdə həmin döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş hərbiçilərin və erməni təxribatı zamanı həlak olmuş dinc sakinlərin qohumlarının müsahibələri, məğlub erməni hərbiçilərinin acı etirafları yer alıb. Tofiq Şahmuradov filmin ərsəyə gəlməsində şəxsən Azərbaycanın Müdafiə Naziri general polkovnik Zakir Həsənovun rolunu xüsusi qeyd etdi.

Tədbir zamanı filmin hərbi məsləhətçiləri, Qarabağ müharibəsi iştirakçıları, hərbi ekspertlər Nazim Bayram və Abuzər Abilovun çıxışları xüsusi maraqla qarşılandı. Onlar Azərbaycan icmasını maraqlandıran sualları cavablandırdılar. Azərbaycan ordusunun yeni qələbələrə imza atmaq üçün nə mane olur sualına cavab verərkən, hərbi ekspert Nazim Bayram bildirdi ki, Ermənistanın danışıq prosesindəki destruktiv mövqeyi münaqişənin sülh yolu ilə həlli imkanlarını azaldır. Onun fikrincə, dünyada və regionda əlverişli beynəlxalq şəraitin yarandığı halda Azərbaycan öz ərazi bütövlüyünü herb yolu ilə təmin edəcək. Hazırda hər bir azərbaycanlının vəzifəsi torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazırlaşmaqdır.

Hərbi ekspert Abuzer Abilov növbəti sualı cavablandırarkən, Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində apardığı siyasətin, ordu quruculuğu, orduya diqqəti ve qayğısı nəticəsində bu gün ordumuzun regionun ən müasir ordusuna çevrildiyini və düşmən üzərində tam hərbi-texniki üstünlük qazanıldığı qeyd etdi.

Tədbirdə birinci Qarbağ müharibəsinin iştirakçısı olmuş 30 a yaxın qazi iştirak edirdi. Onlar tədbirə Rusiyanın müxtəlif regionlarndan qatılmışdılar. Rusiyanın hər tərəfindən tədbirə qatılan soydaşlarımız onları düşündürməkdən daha çox əndişələndirən, qayğılandıran suallara cavab tapdıqlarını dedilər.

“Bu tipli görüşlər Vətəndən uzaqda yaşayan soydaşlarımızın arasında hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir. Belə görüşləri tez-tez təşkil etmək gərəkdir”.

Birinci Qarabağ savaşının döyüşçüsü Mircamal Ağarəhimli isə keçmiş Qarabağ döyüşçülərinin veteran adlandırılmasından narazı olduğunu bildirdi. “Biz döyüş, torpaq deyiləndə təcrübəsi olan və cəngavərə dönən 40 yaşında gənc insanlarıq. Bizə veteran kimi baxmaq deyil, döyüşçü kimi ön sıralara göndərmək və potensialımızdan istifadə etmək lazımdır”.

Tədbirdə çıxış edən Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, iqtisad elmleri doktoru Hacı Mirəşrəf Fətiyev, jurnalist Cəfərsadıq Abbasov, şair Həsib Nəbioğlu və digərləri öz növbəsində yaradıcı heyətə minnətdarlıqlarını bildirdilər.

Gecə “Qarabağı azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmrini gözləyirik”- notu ilə bitdi.

[gallery columns="4" size="full" ids="312041,312042,312043,312044,312045,312046,312047,312048"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol