1 qəpiklərimizlə milyonçuya çevrilənlər

Nemət ORUCOV

Xalqımız devalvasiyadan, iqtisadi böhrandan, yasamın çətinləşməsindən, bütün sahələr üzrə xidmət haqlarının bahalaşmasından şikayət edir. Rayonlarla əlaqəsi olan tanışlarımız isə bölgələrdə yaşam durumunun daha çətin olduğunu, iş yerlərinin olmadığını deyir.

Həqiqətən də 2015-ci ilin fevral devalvasiyasından sonra ölkədə həyat səviyyəsi aşağı düşüb. Orta sahibkarlar aztəminatlı qrupa, aztəminatlı kateqoriya isə demək olar ki, yoxsulluğa yuvarlanıb. Sözsüz ki, böhran böyük biznes strukturlarını və onun başında duran şəxsləri də “vurub”. Amma onlar, xalqdan fərqli olaraq, dəbdəbəli yaşam tərzlərini indi də davam etdirirlər.

Ötən həftənin sonlarında real həyatda rastlaşdığım bir sıra maraqlı faktlar ağılagəlməz reallıqları ortaya qoydu. Məlum oldu ki, Azərbaycanda bir çox strukturlar yasamın çətinləşdiyini deyərək gileylənən insanların hesabına milyonçu olur və bu möhtəkirlik heç kimin gözünə görünmür. Bir sözlə, milyonlar, yüz minlər elə qazanılır ki, bundan heç kasıb kateqoriyadan olan təbəqənin ruhu belə incimir.

Kimin ağlına gələ bilər ki, 1 qəpik ödəyib şəkər tozu almaq və bununla körpənin bir günlük şirin çayını təmin etmək mümkündür? Və ya Azərbaycanda böyük şəbəkələrə sahib supermarketlər sizə 1 qəpiklik şəkər tozu satırlarmı?

Hamımız mentalitetimizə və cəmiyyətdə olan stereotiplərə uyğun olaraq, mağazalarda 1,2,3,4 və bir çox hallarda 5 qəpiklik qalıqlarımızı geri götürmürük. Bunu, sanki aşağılanmaq kimi qəbul edirik. Elə bir çox hallarda mağazalar da bizə 1.3 və ya 5 qəpiyə şəkər tozu, un və digər məhsulları satmağı ağlına gətirmir və satmır da!

Yəni biz iri və xırdalığından asılı olmayaraq, mağazalarda ərzaq məhsulları aldığımız zaman heç nəyə yaramayan “qalıq” qəpikləri geri istəmirik. Qarşı tərəf də qalıqları bizə qaytarmaqda inad etmir. Nəticədə ortada heç kimin diqqətini cəlb etməyən böyük pul kütləsi dövr edir. Azərbaycanda ən azı iki milyon ailə institutu var. Hər bir ailənin gündəlik 1 qəpik itirməsi isə faktiki olaraq günə 2 milyon 1 qəpik deməkdir. Reallıqda isə bu məbləğ daha da böyükdür. Bu pullar hara və kimlərin cibinə axır? Əlbəttə, bunu müəyyən etmək olduqca çətin prosesdir, ümumiyyətlə təyin etmə mexanizmi yoxdur. Bu mövzuda söhbət ancaq möhtəkirlikdən getmir. Həm də insanlarımızın dövlət atributlarından biri olan pula münasibətindən gedir. Çoxları belə xırdalıqlara getməyin doğru olmadığını deyə bilər. Amma böyük işlərin hamısı xırda işlərin gerçək və halal olmasından keçir.

İlham adında rəssam dostumuz ciddi cəhdlə marketlərdən 1 qəpiklik şəkər tozu, 3 qəpiklik un, 5 qəpiklik qənd almaq üçün satıcılarla ciddi mübahisələr edir. Gəlinən nəticə odur ki, gündəlik vaz keçdiyimiz 1,2,3 qəpiklərlə gündəlik onlarla, bəlkə də yüzlərlə açın qarnını doyurmaq mümkündür. Əlbəttə, əgər burada insanlarımızın məsuliyyətsizliyi, qəpiklərinin qədrini bilməməsi və ticarətçilərin möhtəkirliyi olmasa.

Amma söhbət həm də təkcə mağazalardan getmir. Yüz minlərlə insan bank əməliyyatları aparır, kreditlər ödəyir, geyim mağazalarında paltarlar alır, digər xidmətlərə pul xərcləyir. Sonda vaz keçilən qəpiklərdən milyonçuya çevrilən insanlar yaranır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar