«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Prezident Vladimir Putin bildirib ki, Yaponiyanın Baş naziri Sindzo Abe ilə danışıqlar zamanı Cənubi Kurildə birgə təsərrüfat fəaliyyəti tematikası müzakirə olunub.
Prezidentin sözlərinə görə, qarşılıqlı fəaliyyətin konkret imkanlarının öyrənilməsi üçün bu yay Yaponiya məmurlarından bir qrupunun Cənubi Kurilə səfəri təşkil olunacaq: «Bundan başqa, Rusiya tərəfi, öz əcdadlarının məzarını ziyarət etmək üçün adaların keçmiş sakinlərinin buraya daşınması məqsədilə birbaşa aviauçuşları təmin edəcək» - deyə, Putin qeyd edib.
Danışıqlar zamanı sülh müqaviləsi problemi də müzakirə olunub. Rusiya Prezidentinin sözlərinə görə, bu problemin həlli «Rusiya və Yaponiyanın strateji maraqlarına cavab verməli və hər iki ölkənin xalqları tərəfindən qəbul olunmalıdır».
O da xəbər verilir ki, Yaponiya 2018-ci ildə Yekaterinburqda keçiriləcək «İnnoprom» sərgisində və Şərq iqtisadi forumunda (sentyabr, 2017) iştirak edəcək. Abe özü foruma gələcək və Putinlə görüşəcək.
Rusiya Prezidentinin sözlərinə görə, o, Yaponiyanın Baş naziri ilə «Saxalin-Xokkaydo» birgə enerji körpüsünün tikilməsi məsələsini də müzakirə edib. Bu qurğunun vasitəsilə Rusiyadan Yaponiyaya elektrik enerjisi ötürüləcək.
Bütün bunlara əlavə olaraq, Rusiya Yaponiyanın daxili bazarının sıxılmış qaza olan tələbatının 8,0 faizini ödəməyi planlaşdırır. Yapon biznesi isə öz növbəsində, «Saxalin-1», «Saxalin-2» neft-qaz yataqlarının işlənməsində və Yamal yarımadasında sıxılmış qaz zavodunun tikintisində iştirak edəcək.
Putinlə Abenin görüşü bu gün Kremldə keçirilib.

Şərhlər