Azərbaycan hərbçiləri tərəfindən cəbhə xəttində Ermənistan Ordusunun iki hərbçisi məhv edilib. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, erməni hərbçilər bu gün Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində öldürülüb.
Ermənistan Müdafiə Nazirliyi məhv edilən hərbçilərin adlarını da açıqlayıb.
Bunlar 1988-ci il təvəllüdlü Andranik Samveloviç Yeqoyan və 1992-ci il təvəllüdlü Boris Benikoviç Qasparyandır.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində erməni hərbçilərinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Zaur Həsənli şəhid olmuşdu.
"AzPolitika"-ya daxil olan məlumata görə, bu gün 2 erməni hərbçisinin öldürülməsi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunu qisas əməliyyatı olub. Belə ki, hadisə məhz Zaur Həsənlinin şəhid olduğu postda qeydə alınıb. Erməni hərbçilərini məhv edən Azərbaycan Ordusunun ən kritik bölgələrdə xidmət aparmış kəşfiyyatçılarından biridir...
Xatırladaq ki, bu günlərdə Silahlı Qüvvələrin hissə və bölmələrinin cəbhə bölgəsindəki genişmiqyaslı təlimləri zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov komandir heyəti ilə keçirdiyi müşavirədə düşmənə qarşı daha amansız olmağı, cəbhə xəttində xidmət edən hərbçilərə qarşı tərəfin bütün addımlarına adekvat cavab verməyi tapşırıb.


Şərhlər