"Ermənistan deleqasiyası Ukrayna prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimində iştirak etmək üçün Kiyevdədi". Bu haqda Ermənistanın “Epress.am” saytı xəbər verir. Məlumata görə, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, deleqasiyaya təhsil naziri Armen Aşotyan rəhbərlik edəcək.
Erməni saytı qeyd edir ki, inauqurasiyada iştirak etmək üçün Ukraynanın öz səfirini geri çağırması və Ermənistanın XİN başçısının P.Poroşonkonu prezident seçilməsi münasibətilə təbrik etməsi zəmin yaradıb.
Xatırladaq ki, Ukraynanın Ermənistandakı səfiri İrəvanı martda tərk etmişdi. O zaman Ermənistanın XİN-nin mətbuat katibi Serj Sarkisyanla V. Putinin telefon danışığı haqqında məlumat yaymışdı. Həmin telefon danışığı zamanı Sarkisyan Putinin Krımı işğal etməsini dəstəkləmişdi və bu hərəkəti insan hüquqlarının müdafiəsi kimi qiymətləndirmişdi.
Bundan əlavə Ermənistan digər dövlətlər kimi, misal üçün Qazaxıstan kimi Ukrayna məsələsində neytral mövqeyini, hətta BMT çərçivəsində belə qoruyub saxlaya bilmədi. Ermənistan Ukraynanın ərazi bütövlüyü əleyhinə səs vermişdi və Krımda keçirilən referendumun nəticələrini tanıdığını bəyan etmişdi.
BMT-də səsvermə zamanı Ermənistan Rusiya, Belorus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Sudan, Suriya, Venesuella və Zambabve ilə bərabər Krımın işğalını dəstəkləmişdi.
Qeyd edək ki, daha sonra isə Ermənistan bu səsvermədə iştirakının Ukrayna əleyhinə olmadığını və məhz öz müqəddəratını təyin etmə prinsipinə əsaslandığını iddia edirdi.
Ülkər Musazadə


Şərhlər