Menu

Hakimiyyətlə ABŞ arasında ikinci cəbhə açıldı

08.06.2014, 09:54
Hakimiyyətlə ABŞ arasında ikinci cəbhə açıldı

Mehman Əliyev: “İlham Əliyev bilir ki, Qərb ondan nə istəyir...”

ABŞ-la Azərbaycan hakimiyyəti arasındakı gərginlik ən sərt fazaya yüksəlib. Rəsmi Vaşinqtonun son bəyanatında qeyd olunan tezislər iqtidarın sinir sistemini zədələyib. Artıq hakimiyyət Qərbdən gələn sərt tənqidlərə qarşı dözümlülük nümayiş etdirə bilmir və “Yeni Müsavat”a daxil olan məlumata görə, xüsusən də ABŞ-ın ATƏT-də siyasi müşaviri Kristofer Robinsonun bəyanatı bardağı daşırıb.

Qeyd edək ki, K.Robinson bəyanatında Azərbaycan hökumətini birləşmək, toplaşmaq, fikri ifadə etmək və vicdan azadlıqları sahəsində beynəlxalq öhdəliklərə hörmət etməyə çağırıb. Siyasi müşavirin iqtidarı qəzəbləndirən ən əsas fikri isə onun hakimiyyəti region üçün təhlükə mənbəyi elan etməsi olub. Azərbaycan hakimiyyəti onun bu bəyanatına və ABŞ Konqresinin Helsinki Komissiyanda Azərbaycanla bağlı iyunun 11-nə təyin olunan xüsusi dinləmələrə tutarlı cavablar verilməsi üçün hərəkətə keçib. Aldığımız məlumata görə, bu məsələlərlə bağlı Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova və Avstriyadakı səfiri, həmçinin ATƏT-dəki daimi nümayəndəmiz Qalib İsrafilova xüsusi təlimat verilib.

Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin birgə xüsusi təlimatında Q.İsrafilovun K.Robinsonun bəyanatındakı fikirlərin doğru olmamasının isbat edilməsi üçün ATƏT Daimi Şurasında iş aparması, eyni zamanda Azərbaycanın bu məsələ ilə bağlı etirazının ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Daniel Bayerə çatdırması, lazım gəlsə ATƏT tribunasından K.Robinsonun tonunda bəyanat verməsi, E.Süleymanovun isə ABŞ-ın son aylardakı mövqeyinin ölkələr arasındakı münasibətlərə xələl gətirdiyinin və 11 iyun dinləmələrində səsləndiriləcək hər hansı sərt bəyanatların münasibətləri daha da kəskinləşdirəcəyi, Bakını bir sıra məsələlərdə əməkdaşlığa yenidən baxmaq məcburiyyətində qoyacağını Vaşinqtonun diqqətinə çatdırması öz əksini tapıb.

Göründüyü kimi, Azərbaycan hakimiyyəti ilə ABŞ arasında münasibətlər getdikcə kəskinləşir və K.Robinsonun son bəyanatı isə demək olar ki, ölkələr arasındakı diplomatik savaşda ikinci cəbhənin açılmasına səbəb olub. Son məlumatlar göstərir ki, indiyədək hakimiyyət ABŞ-a yalnız Bakıdan bəyanatlarla cavab verirdisə, indi Vaşinqtonda və Amerikanın əsas söz sahibi olduğu ATƏT-də hücum taktikasından istifadə olunacaq. Verilən xüsusi təlimatın nə dərəcədə uğurla yerinə yetirilməsi isə Elin Süleymanovla Qalib İsrafilovun gələcək karyerasını bəlirləyəcək. Odur ki, onlar çox çətin sınaq qarşısındadırlar. Bununla belə hakimiyyətin iki diplomata hücum taktikası ilə bağlı verdiyi xüsusi təlimatların nə ilə nəticələnəcəyini və ABŞ-dan hansı yeni bəyanatların, cavabların gələcəyini isə çox gözləmək lazım gəlməyəcək. Artıq hər iki tərəf “va-bank” gedir.

Bu arada həm YAP-dan, həm də ekspertlərdən K.Robinsonun hakimiyyəti qəzəbləndirən son bəyanatına reaksiyalar və şərhlər verilib.

YAP-çı deputat Aydın Mirzəzadə Qafqazinfo.az saytına deyib ki, K.Robinsonun belə bəyanat verməsinin səbəbi onun üçün aydın deyil. Deputat xatırladıb ki, ABŞ-nın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkədəki demokratik inkişafı yüksək qiymətləndirib: “Yəni bu gün Azərbaycan özünün dövlət quruculuğunu, vətəndaş cəmiyyətinin fəaliyyətini demokratik dəyərlərə uyğun qurur. Vətəndaşların hüquq və azadlıqları qorunur, Azərbaycanda açıq cəmiyyət, azad sahibkarlıq prinsipi mövcuddur. Azərbaycanın bu gün yeganə problemi qonşu Ermənistanın torpaqlarımızın bir hissəsini işğal etməsidir. Bu baxımdan Azərbaycanı region üçün təhlükə hesab etmək absurddur”.

Onun sözlərinə görə, vətəndaşların hüquq və azadlıqlarına verdiyi qiymət isə bu şəxsin Azərbaycandakı vəziyyətdən bixəbər olduğunu göstərir: “Azərbaycanda müxalif qəzetlər var, vətəndaşlar ölkəni sərbəst şəkildə tərk edə bilirlər. ABŞ-ın ATƏT-dəki müşavirinin verdiyi bəyanat birincisi, onun səlahiyyətinə aid deyil. İkincisi isə, o, Azərbaycandakı vəziyyəti ya bilmir, ya da ki bilərəkdən təhrif edir”.

Deputat bildirib ki, Morninqstar sonradan mətbuata verdiyi açıqlamada özünü Azərbaycanın dostu saydığını və burdakı inkişafı gördüyünü deyib: “Azərbaycan tərəfi isə səfirin verdiyi bəyanatı ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirmişdi. Bununla da presedent aradan qaldırılmışdı. Bu gün isə Azərbaycanda olmayan bir şəxs fikir bildirməyə çalışır. Bir qayda olaraq bu ölkə ilə yaxından tanış olan səlahiyyətli şəxslər bəyanat verirlər.

Digər tərəfdən isə nə səbəbdən ABŞ-ın ATƏT-lə münasibətlərinə cavabdeh olan şəxsin Azərbaycanla bağlı fikir bildirməsi qaranlıq qalır. Kimlərin ölkə haqqında fikir bildirməsindən asılı olmayaraq Azərbaycan demokratik cəmiyyət quruculuğunu inkişaf etdirmək, vətəndaşların hüquq və azadlıqlarını qorumaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini davam etdirir".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun ABŞ-Azərbaycan münasibətlərinə dair öz mülahizələri var. Politoloqun “Yeni Müsavat”a dediyinə görə, Amerikanın Azərbaycan siyasətində bir neçə istiqamət var; enerji layihələri, təhlükəsizlik amili və demokratiya, insan haqları sahəsi.

E.Şahinoğlu deyir ki, sonuncu, yəni demokratiya məsələsi Amerika üçün son dövrlər ön plana çıxıb. Siyasi şərhçi bununla belə, münasibətlərdəki gərginliyin sona qədər davam edəcəyi qənaətində deyil: “Amerika çalışır ki, onun prioritet sahələrində demokratiya ön plana çıxsın. ATƏT-dəki müşavir Robinsonun bəyanatından əvvəl də Morninqstarın dilindən sərt tənqidlər eşitmişdik. Əslində biz bu sərt fikirlərə səfirin ampluasında öyrəşməmişdik. Bizim üçün təəccüb doğururdu. Sadəcə, Amerikanın sərt bəyanatlarına elə Azərbaycan hökuməti də sərt cavablar verir və Amerika Azərbaycan hakimiyyətinə qarşı manevr etməyə başlayır. Gördünüz ki, Morninqstar həmin sərt bəyanatının ardınca müsbət fikirlər səsləndirdi, Azərbaycanı Qərb üçün vacib enerji tərəfdaşı kimi təqdim etdi. Bu fəndlərlə Amerika Azərbaycanı çox sıxışdırmaq istəmir”.

E.Şahinoğlu Amerikanın niyə Azərbaycan hakimiyyətini sona qədər dalana dirəmək istəmədiyini belə izah edir: “Dünya siyasətində və regionda olduqca mürəkkəb bir dövr yaşanır. Ukrayna hadisələri və Rusiya amili Amerikanı buna vadar edir. Amerika istəmir ki, Azərbaycan iqtidarını çox sıxışdırmaqla Rusiyanın maraqları qələbə çalsın.

Çünki Rusiya da iqtidara təzyiq edir. Ona görə də insan haqlarının vəziyyəti haqda tənqidi bəyanatlar verməklə yanaşı, iqtisadi layihələrlə bağlı müsbət fikirlər səsləndirirlər. Belə demək olarsa, Amerika çalışır “nə şiş yansın, nə kabab”. Əvvəlcə şişi yandırır, sonra kababı yeyir".

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ABŞ-dan gələn bəyanatları səmimi qəbul etmir. M.Əliyev qeyd etdi ki, Obama prezident seçiləndə birinci növbədə demokratiya tələblərini irəli sürürdü: “Ancaq Con Kerrinin göndərdiyi məktubda Buşun dövründə qoyulan ardıcıllığa qayıdıblar.

Birinci enerji layihələri, təhlükəsizlik məsələləri və sonra demokratiyanın inkişafında da irəliləyişlər. Yəni yenidən Buş dövründə olduğu kimi ənənəvi vəziyyətə getdilər. Onlar üçün prioritet məsələ kimi enerji və təhlükəsizlik gəlir. Bugünkü vəziyyətin detallarını aydınlaşdırmaq istəyirsinizsə, Kerrinin məlum məktubunu tapıb oxuyun, hər şey məlum olacaq".

M.Əliyevin sözlərinə görə, Azərbaycan hakimiyyəti də ABŞ-dan gələn son bəyanatların arxasında nə dayandığını bilir: “İlham Əliyev bilir ki, onlar nə istəyirlər. Ona görə də demokratiya və insan haqları sahəsində sərt siyasət davam edir. Azərbaycan tərəfi özünü arxayın şəkildə aparır. Sadəcə, müəyyən reformalar həyata keçirilir, ASAN xidmət layihəsi fəaliyyətə başlayıb. Qərb üçün Avropa Birliyinin Şərq Tərəfdaşlığı məsələsi var idi. İndi bu məsələ iqtisadi layihələrdən arxa plana keçib.

İndiki məqamda demokratiya dondurulmuş məsələdir. Qərb üçün Gürcüstan, Ukrayna və Moldova plandadır. Hazırda əsas proseslər Ukraynada gedir. Azərbaycan, Ermənistan və Belorus hələ ikinci dərəcəli vaxta qalıb. Gələn ildən bir qədər canlanma yaranacaq. Təkrar edirəm ki, Kerrinin məktubunda incəlikləri ilə açıqlanıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol