AKADEMİYADA İSTİNADLAR OYUNU: BƏS ELM HANI?

Etibar EliyevEtibar ƏLİYEV

Azərbaycan Milli Elmlər Akademiyasına keçirilən son seçkilər narazılıqlara səbəb olub. Akademik və müxbir üzv adına layiq olan bir çox elm adamının kənarda qalmasına, əvəzində buna haqqı çatmayanların kimlərinsə himayəsi ilə Akademiyanın həqiqi və müxbir üzvü seçilməsinə dair iddialar var.

AMEA Fizika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Elman Şahverdiyev isə AMEA-ya keçirilən son seçkilərdə saxtakarlığa yol verildiyini bildirməklə yanaşı, akademik adı qazanmış bəzi alimlərin buna layiq olmadığını bəyan edib. Bunu əsaslandırmaq üçün onların bir çoxunun “Thomson Reuters”də cəmi bir neçə istinadının olduğunu göstərir. Professor Şahverdiyiev deyir ki, akademik adı almış çox sayda alimin “Thomson Reuters”dakı istinadının cəmi onunkundan azdır. AMEA həqiqi üzvü Ənvər Nəhmədov Elman Şahverdiyevin bu ittihamlarına cavab verib. O yazır: “E.Şahverdiyev K. A. Shore ilə 2013-cü ilə qədər əməkdaşlıq etmiş və 43 məqaləsindən 26-sı onunla ortaq olmuşdur. Şahverdiyevin məqalələrinə verilən 789 istinadın 693-ü Shore ilə ortaq olan bu 26 məqaləyə verilmişdir”.

Əslində bu cür mübahisələr Azərbaycan cəmiyyətini xeyli çaşdırır. Bu gün elmi axtarışların effektivliyinin və alimlərin fəaliyyətinin qiymətləndirilməsində tez-tez müxtəlif kəmiyyət göstəricilərindən istifadə olunur. Məsələn, 1960-cı ildə “İmpakt faktoru” təklif edən Yudjin Qarfild yazır ki, bu göstəricini başa çıxarmaq olmaz: “Əgər bu kriteriya əsas hesab olunsa, onda reytinqlərə düşməyənləri elmdən kənarlaşdırmaq lazımdır?”.

Parlaq nümunə kimi Qriqori Perelman göstərilir. Yeddi il bir məqaləsi belə dərc olunmayan bu alim Puankare hipotezini isbat etdi və riyaziyyatdan ən böyük mükafat olan Filds medalını aldı.

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Yuri Osipovun bu barədə maraqlı fikirləri var: “Bu cür mövcud formal kriteriyalardan çox ehtiyatlı şəkildə istifadə etmək lazımdır. Əsas kimi ekspertlərin nəzər-nöqtəsi götürülməlidir. Onlar elm sahələrində hansı dəyişikliklər baş verməsini və bunların institut və universitetlərin reytinqinə necə təsir göstərməsini düzgün anlayırlar”.

Görəsən seçilən və seçilməyən akademik və müxbir üzvlərin saysız-hesabsız istinadlarının fövqündə Fizika İnstitutunun dünya tədqiqat institutları arasında yeri haradadır? Ümumiyyətlə, reytinq siyahılarına düşürmü bu institut? Buna cavab verən olacaqmı? Eyni sualı Kimya, Tibb, Riyaziyyat yönümlü institutlara da yönləndirmək olar.

Böyük Azərbaycan filosofu, professor Həsən Quliyev ömrünün sonuna yaxın “Kiçik ölkələrin elmi strategiyası” adlı möhtəşəm bir əsər yazdı. Həmin kitabda Avropa alimlərinin bioqrafiyası ilə bizim alimlərin bioqrafiyasının maraqlı müqayisəsi yer alıb.

Albert Eynşteyn: fizik, nəzəriyyəçi. Müasir fizikanın yaradıcılarından biri. “Foton” anlayışını elmə gətirib. Fotoeffektin kvant nəzəriyyəsini kəşf edib. Ümumi və xüsusi nisbilik nəzəriyyəsinin banisidir. 1921-ci ildə Nobel mükafatına layiq görülüb.

Verner Heyzenberq: Alman nəzəriyyəçi fiziki. Kvant mexanikasının yaradıcılarından biri. Kvant mexanikasının matris variantını təklif edib. Qeyri-müəyyənlik prinsipini formalaşdırıb. Atom nüvəsinin strukturu, relyativistik kvant mexanikası, təbiətşünaslığın fəlsəfəsi sahəsində işlərin müəllifidir. 1932-ci ildə Nobel mükafatına layiq görülüb.

Frensis Krik: İngilis biofiziki, genetik. 1963-cü ildə DNK-nın (ikiqat spiral) struktur modelini kəşf etməklə onun bioloji funksiyasını və bir çox xassələrini izah etməyə yol açmışdır. Bununla da molekulyar genetikanın əsasını qoymuşdur. 1962-ci ildə Nobelə layiq görülmüşdür.

Azərbaycan alimləri:

Yusif Məmmədəliyev: Sovet kimyaçısı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, akademik. Azərbaycan Elmlər Akademiyasının prezidenti (1947-49-cu illər), 1943-cü ildən Kommunist Partiyasının üzvü. Neftin və təbii qazın işlənməsi və kimya sahəsində bir sıra işləri var. SSRİ Ali Sovetinin deputatı. SSRİ Dövlət mükafatı laureatı.

Həsən Abdullayev: Sovet fiziki, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, akademik. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti (1970-1983). 1942-cı ildən Kommunist Partiyasının üzvü olmuşdur. Əsas işləri yarımkeçiricilər fizikası və yarımkeçiricilər cihazlarına aiddir. 1970-1984-cü illərdə SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Eldar Salayev: Sovet fiziki, akademik (1983), Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti (1983-1997). 1963-cü ildən Kommunist Partiyasının üzvü. Əsas işləri yarımkeçiricilər fizikası, qeyri-xətti optikaya aiddir. 1984-cü ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

Birinci qrupda olan Avropa alimlərinin bioqrafiyasını elmi uğurları bəzəyir. Burda “saray prosesləri”nə demək olar ki, istinad olunmur. Bizim alimlərin bioqrafiyasının parlaq hissəsini isə dövlət təltifləri, deputat mandatı, mükafatlar tutur.

İntriqalar Azərbaycan elmini çökdürüb. Elə bu səbəbdən də elmi olan adamların çoxu ölkəni tərk edib. İstinadlar oyununu qırağa qoyun, görün elmə oxşar başqa nəyimiz var.

Tutaq ki, istinadlar da var, bəs elm hanı? Elm!

Bu məqaləm böyük türk alimi Əziz Sancarın İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun dəvəti ilə Bakıya gəldiyi vaxta təsadüf edir. Onun oxuyacağı mühazirə və etdiyi tövsiyyələr bizi silkələməlidir. Diqqət edin: Əziz Sancar Kimya üzrə Nobel mükafatına İsveç alimi Tomas Lindal, Amerika alimi Pol Modriçlə birgə layiq görülüb. Baxın, elm budur...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar