«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) xarici işlər naziri Cavad Zərif Norveçin paytaxtı Oslo şəhərində keçirdiyi mətbuat konfransında bəyan edib ki, Səudiyyə Ərəbistanı İranın şərqində yerləşən Bəlucistanda terrorçulara dəstək verir.
«Əlimizdə olan kəşfiyyat materialları göstərir ki, Səudiyyə Ərəbistanı İranın şərqindəki Bəlucistan əyalətində terrorçu qruplaşmaya fəal şəkildə dəstək verir» - deyə, «Röyter» agentliyi Zərifdən sitat gətirir.
İran silahlı qüvvələrinin nümayəndəsi, briqada generalı Məsud Cazaeri isə öz növbəsində, bəyan edib ki, «İslam dövləti» (İD) adlandırılan terrorçu qruplaşma Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Səudiyyə Ərəbistanının rəhbərliyi altında və yaxından dəstəyi ilə hücumlar həyata keçirir.
««İslam dövləti» qruplaşması ABŞ və SƏ ilə bağlıdır - onların dəstəyi və rəhbərliyi altında terror hücumları təşkil edir» - deyə, «İRNA» agentliyi Cazaerinin bəyanatından sitat gətirir.
Onun sözlərinə görə, terrorçuluğun dağıdıcı effektini İraqda, Suriyada, Əfqanıstanda, Yəməndə və bəzi Avropa ölkələrində görmək olar. Bölgə ölkələrində terror aktlarının planlaşdırılması və idarə olunması Səudiyyə Ərəbistanından və ABŞ-dan həyata keçirilir.
Bu ərəfədə İranın ali rəhbəri ayətulla Əli Xameneyi Yaxın Şərqdəki qeyri-sabitliyə görə, ABŞ-ı ittiham edib.
«ABŞ və onun agentləri Yaxın Şərqdə qeyri-sabitliyin mənbəyidir… «İD»-i kim yaradıb? Amerika… «İD» ilə mübarizə apardığı barədə ABŞ-n bəyanatları yalandan ibarətdir» - deyə, Xameneyi İranın yüksək çinli məmurları ilə görüşdə danışıb.

Şərhlər