"Nijni Novqorod-Bakı marşrutu üzrə hərəkətdə olan mikroavtobusun Kalmıkiya ərazisində qəzaya uğraması nəticəsində xəsarət alanların hamısı Azərbaycan vətəndaşıdır."
APA-nın məlumatına görə, bu barədə RİA "Novosti"-yə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən bildirilib.
"Hadisə nəticəsində 7-si uşaq olmaqla, 11 nəfər xəsarət alıb. Onların hamısı Komsomolski qəsəbəsində xəstəxanaya yerləşdirilib. Mikroavtobusda 17 nəfər olub, onlardan 9-u uşaqdır. Sərnişinlərin hamısı Azərbaycan vətəndaşlarıdır”, - deyə Mərkəzdən bildiriblər.
Məlumatda o da qeyd olunub ki, xəsarət alanlar arasında ağır vəziyyətdə olan yoxdur.
Qəza zamanı yanğın baş verməyib, yolda avtomobillərin hərəkətinə maneə yaranmayıb.
"Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda aşan, içərisində Azərbaycan vətəndaşlarının olduğu bildirilən avtobus Bakı-Nijni Novqorod marşrutu üzrə hərəkət edən marşrut avtobusu deyil."
Bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.
Onun sözlərinə görə, Nijni Novqoroddan gələn sərnişin avtobusu iyunun 16-da səhər saatlarında Bakıya çatıb və marşrutda heç bir hadisə baş verməyib: "Biz dəqiqləşdirdik, belə sərnişin avtobusumuz yoxdur. Əgər qəzaya uğrayan mikroavtobusdursa, ola bilsin, marşrutdan kənar sərnişin daşıyır. Bakıdan Nijni Novqoroda mikroavtobus sərnişin daşımır".
* * *
Rusiyada içərisində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb.
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.
Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.
Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.
Qəzanın baş vermə şəraiti araşdırılır.


Şərhlər